AZ

Bütün bunlar Prezidentin müsahibəsində açıq və aydın bəyan edildi - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Əgər müsahibədə səsləndirilən əsas məsələləri fərqləndirmək istəsək, daha çox iki əsas istiqamət üzərində dayanmalıyıq: birincisi, Azərbaycanın iqtisadi inkişafı, ikincisi isə Azərbaycan dövlətçiliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər”.

Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

A.Səmədov qeyd edib ki, iqtisadi məsələlərdən danışarkən Azərbaycan Prezidenti Vaşinqtonda keçirilən görüşü xatırlatdı. Orada imzalanan sənədlər və Zəngəzur dəhlizinin işə salınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi. Xüsusilə qeyd etdi ki, bu sənədlər və razılaşmalar ölkəyə ABŞ investisiyalarının cəlb olunması baxımından mühüm rol oynayacaq. Bildirdi ki, 2026-cı ildə Zəngəzur dəhlizinin işə salınması məqsədilə ciddi fəaliyyətə başlanılacaq.

“Eyni zamanda vurğulandı ki, bu dəhlizin işə salınması bölgədə təhlükəsizlik mühitinin formalaşmasına, ABŞ-nin bölgədəki siyasi və iqtisadi çəkisinin artmasına xidmət edəcək. Bu isə həm Azərbaycan, həm də regionun digər ölkələri üçün mühüm əhəmiyyət daşıyır”, - ekspert qeyd edib.

Ekspert Azərbaycan Prezidentinin erməni işğalından azad olunmuş rayonlarda görülən nəhəng işlər barədə verdiyi məlumata və bu işlərin miqyasının gələcəkdə daha da genişlənəcəyi fikrinə diqqət çəkib:

“Prezident bununla yanaşı, ölkənin digər bölgələrində həyata keçiriləcək iqtisadi layihələrdən danışdı. Xüsusilə qeyd etdi ki, bu proseslər ümid edildiyi kimi, paytaxtda və şəhərlərdə sıxlığın azalması istiqamətində də mühüm addımların atılmasına səbəb ola bilər”.

A.Səmədov bildirib ki, müsahibədə ABŞ ilə Strateji Tərəfdaşlıq Memorandumunun hazırlanması istiqamətində görülən işlərə də toxunuldu. Azərbaycan nümayəndələrinin ABŞ-yə davamlı səfərləri, sənədlər üzərində aparılan ciddi və sistemli işlər xüsusi vurğulandı. Eyni zamanda Çin Xalq Respublikası ilə münasibətlərdə əldə olunan mühüm uğurlardan bəhs edildi:

“Son illərdə iki mühüm sənədin imzalandığı xatırladıldı və Çinin Azərbaycanın hərtərəfli strateji tərəfdaşı olduğu xüsusi qeyd edildi. Bu münasibətlərin iqtisadi baxımdan böyük əhəmiyyət daşıdığı bildirildi. Çin şirkətlərinin Azərbaycana yatırdığı investisiyaların həcminin artdığı, iki ölkə arasında ticarət dövriyyəsinin isə artıq 4 milyard dollardan çox olduğu qeyd olundu. Bununla yanaşı, Çin kimi dünyanın ən güclü və nüfuzlu ölkələrindən biri ilə münasibətlərin Azərbaycanın təhlükəsizliyi baxımından da mühüm rol oynadığı vurğulandı.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının liderlərinin son görüşündə irəli sürdüyü birgə hərbi təlimlər təşəbbüsünü də xatırlatdı. Azərbaycanın müxtəlif ölkələrlə birgə hərbi təlimlər keçirdiyini qeyd etsə də, Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə təlimlərin keçirilməsinin zəruriliyini xüsusi vurğuladı. Bildirdi ki, bu, hərbi blok yaratmaq məqsədi daşımır, lakin birgə təlimlər regiona və dünyaya mühüm mesajlar vermək baxımından əhəmiyyətlidir. Qeyd edildi ki, bəzi türk dövlətlərində bu məsələdə tərəddüdlər mövcuddur, lakin yaxın gələcəkdə gözlənilən qərarların qəbul ediləcəyinə ümidvarıq”.

A.Səmədov qeyd edib ki, ümumilikdə son dövrlərdə baş verən hadisələr, xüsusilə bəzi dövlət başçıları ilə bağlı yaşanan hadisələr təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağı tələb edir:

“Azərbaycan Prezidenti digər dövlət başçıları ilə müqayisədə bu təhlükəli tendensiyaları daha tez görən liderlərdəndir. O, illər əvvəl açıq şəkildə bəyan etmişdi ki, beynəlxalq hüquq faktiki olaraq işləmir və kim güclüdürsə, öz istəklərini reallaşdırır. Son hadisələr də bu fikirlərin nə qədər real olduğunu açıq şəkildə nümayiş etdirir.

Bu baxımdan dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün yeni reallıqları nəzərə almağa məcburdurlar. ABŞ-nin bu günlərdə qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyası da dünyanın yeni və ciddi təhdidlərlə üz-üzə qaldığını göstərir. ABŞ açıq şəkildə Qərb yarımkürəsini öz təsir zonası elan edir və bu da digər dövlətlərə yaxın ətraflarını təsir zonası kimi müəyyənləşdirməyə əsas verir.

Bu kontekstdə Rusiya təhlükəsini də heç vaxt unutmamalıyıq. Azərbaycan Prezidentinin bu istiqamətdə apardığı siyasət və atdığı addımlar təqdirəlayiqdir. ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, Çinlə imzalanan sənədlər, Türkiyə ilə birgə fəaliyyət, Türk Dövlətləri Təşkilatının fəallaşdırılması və digər addımlar Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına və Azərbaycan dövlətçiliyinin qorunmasına yönəlmiş məqsədyönlü siyasətin tərkib hissəsidir. Bütün bunlar Azərbaycan Prezidentinin yerli telekanallara verdiyi son müsahibədə açıq və aydın şəkildə bəyan edildi”.

Tahirə Qafarlı

Seçilən
66
hafta.az

1Mənbələr