Yaponiyanın qərbində yerləşən Şimane və Tottori prefekturalarında güclü zəlzələ baş verib. Yeraltı təkanların birincisinin maqnitudası 6,2 bal olub.
Yaponiyanın Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələdən sonra sunami təhlükəsi yaranmayıb. Bununla belə, qurum bölgədə seysmik aktivliyin hələ də yüksək olduğunu bildirib və yaxın günlərdə oxşar gücdə zəlzələlərin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Agentliyin zəlzələ və sunami üzrə müşahidə şöbəsinin rəhbəri Ayataka Ebita mətbuat konfransında bildirib ki, bu ərazidə əvvəllər də ard-arda güclü zəlzələlər qeydə alınıb.
Məlumata görə, əsas zəlzələ səhər saat 10:18-də Şimane prefekturasının şərq hissəsində baş verib. Ardınca qısa fasilələrlə 5,1 və 5,4 bal gücündə əlavə təkanlar qeydə alınıb.
Yerlı hakimiyyət orqanlarının verdiyi məlumata əsasən, saat 11:00-a olan vəziyyətə görə Tottori prefekturasında xəsarət alan və ya ciddi maddi ziyanla bağlı məlumat yoxdur.
Baş verən hadisə ilə əlaqədar Yaponiyanın Baş nazirinin ofisində xüsusi koordinasiya qərargahı yaradılıb.
Zəlzələ səbəbindən elektrik enerjisinin kəsilməsi nəticəsində Yaponiyanın qərbində sürətli qatarların hərəkəti müvəqqəti dayandırılıb, bəzi avtomagistral yollar da bağlanıb.
Səlahiyyətli qurumlar əhaliyə ehtiyatlı olmağı və rəsmi məlumatları izləməyi tövsiyə edir.