Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Venesuelada yaranmış mövcud vəziyyət Latın Amerikası ölkələri arasında siyasi mövqelərin kəskin şəkildə fərqlənməsinə səbəb olub. Çili və Kolumbiya ABŞ-nin mümkün müdaxiləsinə ehtiyatla yanaşdığı halda, Kuba bu yanaşmanı açıq şəkildə pisləyir.
Region daxilində artan bu fikir ayrılığı Latın Amerikasında yeni siyasi mərhələnin başlaya biləcəyi ehtimallarını gündəmə gətirir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Latın Amerikası ölkələrində XX əsrin 70-80-ci illərində sağ-sol qarşıdurması mövcud olub. Məsələn, Fidel Kastronun 1959-cu ildə Kubada hakimiyyəti ələ keçirməsindən sonra faktiki olaraq Latın Amerikası ölkələrində sol meyillilik güclənmişdi. Bu proses eyni zamanda Simon Bolivarin ideyaları ilə də əlaqələndirilirdi. Bolivar Latın Amerikasında milli azadlıq və anti-imperialist hərəkatın əsas simalarından biri olub və onun adına ölkə olan Boliviya da bu ideoloji xəttin formalaşmasında simvolik əhəmiyyət daşıyırdı.
Politoloq qeyd edib ki, Bolivarizm sosializm ideyaları ilə birləşdirilərək yeni bir siyasi axın formalaşdırdı. Nəticədə Latın Amerikası ölkələrində solçuluq hərəkatı gücləndi. Bu hərəkatların əsas örnək götürdüyü şəxslər Çe Guevara və Fidel Kastro idi.
"Bu mərhələdə ABŞ öz imperial maraqlarını qorumaq məqsədilə regionda sağ meyilli siyasəti gücləndirdi. Əsasən ordu daxilində bu istiqamətdə addımlar atılır, solçu qrupların və bolivar yönlü hakimiyyətlərin olduğu ölkələrdə sağçı hərbçilər və siyasətçilər ABŞ tərəfindən dəstəklənərək müxalifətə çevrilirdi. Buna nümunə olaraq Çilidə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş Auqusto Pinoçet göstərilə bilər. Bu proseslər nəticə etibarilə ABŞ-nin imperial maraqlarına xidmət edirdi".
Zeynal Əmrəliyev: Venesuelada Maduro tərəfdarları hakim mövqeyini qoruyur
Müsahibimizin fikrincə, hazırda da bu yöndə müəyyən dəstəklərin mövcud olduğu istisna edilmir. Məlumdur ki, Fidel Kastro artıq yaşlanmışdı və sonrakı mərhələdə Latın Amerikasındakı solçu hərəkatın əsas mərkəzlərindən biri Venesuela oldu. Burada hakimiyyətdə olan Nikolas Maduro öz siyasi xəttini sələfi Uqo Çavesin ideyaları üzərində qurub. Politoloq qeyd edir ki, Uqo Çaves 1999-cu ildə prezident seçilmişdi və onun rəhbərliyi dövründə bolivarizm yenidən güclənmişdi.
Zeynal Əmrəliyev hesab edir ki, bu baxımdan regionda yenidən sağ-sol toqquşmalarının baş verməsi mümkündür. Hazırda bir sıra ölkələrdə sağçı qruplar hakimiyyətdədir, məsələn, Argentinada bu tendensiya müşahidə olunur. Digər ölkələrdə isə sol və bolivar yönlü təşkilatlar hakimiyyəti saxlayır. Meksikada solçu xətti təmsil edən, ekoloji mövqeyi ilə tanınan qadın prezident ABŞ tərəfindən tənqid olunur. Kubada isə sosialist rejim bütün təzyiqlərə baxmayaraq hələ də hakimiyyətdə qalır. Eyni zamanda Venesuelada Maduro tərəfdarları, yəni Birləşmiş Sosialist Partiyası hakim mövqeyini qoruyur:
"Bütün bunları nəzərə alaraq demək olar ki, Latın Amerikasında sağ-sol qarşıdurmasının yenidən aktivləşməsi ehtimalı mövcuddur".
Zeynəb Rzayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.