AZ

Birgə təlimlərdən “türk NATO su”na gedən yol: TDT də yeni mərhələ başlayır

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə qlobal təhlükəsizlik mühiti, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi əməkdaşlıq və Zəngəzur dəhlizi ilə bağlı məsələlərə münasibət bildirib.

Dünyada baş verən proseslərin ölkələri hərbi potensiallarını artırmağa məcbur etdiyini vurğulayan Prezident Əliyev qeyd edib ki, mövcud qlobal nizamda artıq “kim güclüdürsə, haqlı da odur” prinsipi ön plana çıxıb və bu, baş verən hadisələrlə də təsdiqlənir.

Prezident Türkiyə ilə qarşılıqlı hərbi yardımı əhatə edən müttəfiqlik formatında əməkdaşlıq etdiklərini bildirib və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində üzv ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

İlham Əliyev TDT-nin Qəbələdə keçirilən Zirvə Toplantısında bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlim keçirməsini təklif etdiyini xatırladaraq belə deyib:

“Mənim qənaətimcə, buna ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Əlbəttə, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Lakin birgə hərbi təlimlərin keçirilməsinin həm böyük simvolik mənası ola bilər, həm də praktik baxımdan buna ehtiyac var. Görürəm ki, bugünkü dünyada ‘beynəlxalq hüquq’ deyilən bir anlayış yoxdur. Bunu hər kəsin unutması lazımdır. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Əlbəttə, hər kəs haqq yolunda olduğuna əmin olmalıdır. Heç bir ölkə, heç bir lider haqsız iş görməməli, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməli, heç bir ölkəni işğal etməməlidir.”

Azərbaycanın hərbi gücünü artırdığını vurğulayan İlham Əliyev qeyd edib ki, biz Türkiyə ilə qarşılıqlı hərbi yardımı da əhatə edən müttəfiqlik formatında əməkdaşlıq edirik: “ Ailəmiz olan türk dövlətlərinin də bu sahədə əməkdaşlığa başlaması yaxşı olardı. Mən bunu təklif etməklə hər hansı bir hərbi təşkilatın yaradılmasını irəli sürmürəm. Bəziləri bunu belə şərh edir. Xeyr, bu, tamamilə əsassızdır. Enerji, nəqliyyat, ticarət və investisiya kimi bir çox sahədə əməkdaşlıq ediriksə, niyə hərbi sahədə də əməkdaşlıq etməyək?”. 

 Politoloq Qulamhüseyn Əlibəyli “Sherg.az”a açıqlamasında bildirib ki,Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində üzv ölkələrin hərbi əməkdaşlığı son illərdə regional təhlükəsizlik və sülhü təmin etmək üçün müzakirə olunan əsas məsələlərdən biridir. Onun sözlərinə görə, prezident İlham Əliyevin birgə hərbi təlimlərlə bağlı təklifinin türk dövlətləri arasında müdafiə və hərb sahəsində inteqrasiyanın gücləndirilməsinə gətirib çıxaracağı şübhəsizdir: “Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi çıxış etməsi müasir geosiyasi reallıqların diqtə etdiyi zərurətdir. TDT eyni zamanda əməkdaşlıq və təhlükəsizlik mexanizmi rolunu oynayır. Üzv dövlətlərin ordularının eyni standartlara uyğun şəkildə əməkdaşlıq etməsi, bir-biri ilə məlumat mübadiləsi aparması vacibdir. Xüsusilə NATO üzvü olan Türkiyənin NATO təcrübələrini TDT üzvlərinə ötürməsi və taktiki-doktrinal uyğunluğun təmin edilməsi üçün ortaq təlimlərin keçirilməsi əhəmiyyətlidir. Bu həmçinin birliyin hərbi potensialının inkişafına xidmət edəcək. Xüsusilə TDT-nin siyasi birlik kimi regionda daha çox söz sahibi olması, çəkindirici və regional güc mexanizmi kimi formalaşması üçün hərbi istiqamətin də inkişafı önəmlidir”. 

Politoloqun fikrincə, müasir geosiyasi şəraitdə əsas güc mərkəzləri arasında dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi, dünyanın kəskin və sürətlə qütbləşməsi prosesi gedir: “Türk dövlətlərinin coğrafiyası geosiyasi maraqların daha çox toqquşduğu məkandır. Türk dövlətlərinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi geosiyasi rəqabətə davam gətirmək baxımından praktiki olaraq qeyri-mümkündür. Türk dünyası yalnız vahid güc mərkəzinə çevrilməklə bu geosiyasi mübarizədən sağ-salamat çıxa, ümumi maraqlarını təmin edərək regional siyasətdə aktiv bir aktora çevrilə bilər. Və birgə maraqlarının digər güc mərkəzləri tərəfindən nəzərə alınmağa məcbur edə bilər. TDT üzvləri arasındakı münasibətlər dövlətlərarası əlaqələrin bütün mümkün sahələrini, o cümlədən hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsini də nəzərdə tutur. İndiyə kimi Azərbaycanla Türkiyə və digər türk dövlətlərinin iştirakı ilə birgə bir neçə hərbi təlimlər keçirilib, lakin bu hərbi təlimlər ikitərəfli xarakter daşıyıb.

Prezident İlham Əliyev isə təşkilatın bütün üzvlərinin iştirakı ilə çoxtərəfli hərbi təlimlərin keçirilməsi məsələsinə toxunub. Hesab edirəm ki, bu təklif türk dövlətləri arasında siyasi və hərbi əməkdaşlığın yeni bir mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Birgə təlimlər türk dövlətlərinin silahlı qüvvələrinin peşəkarlığını artırar, birgə fəaliyyətinin əlaqələndirilməsi təcrübəsini formalaşdırar, orduların maddi-texniki və silahla təchizatında vahid standartların yaranmasına kömək edər. Ölkə başçısının da qeyd etdiyi kimi birgə təlimlərin keçirilməsi vahid ümumtürk hərbi ittifaqının yaradılması demək deyil. Birgə təlimlərin keçirilməsi ümumtürk hərbi ittifaqının - türk NATO-sunun yaradılması yolunda ilk addımlardan biri ola bilər”. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
sherg.az

1Mənbələr