AZ

Mebel sahəsində ixrac beş dəfə artıb Araşdırma qəribə məqamları üzə çıxarıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

2024-cü ildə Azərbaycanda mebel sənayesi məhsullarının həcmi əvvəlki illə müqayisədə 30 faiz artaraq 397.8 milyon manata çatıb, 2020-24-cü illər ərzində isə bu sahə orta hesabla 3.34 dəfə artım nümayiş etdirib. Eyni zamanda, mebel istehsalı ilə məşğul olan müəssisələrin sayı 2024-cü ildə 2023-cü illə müqayisədə 25.8 faiz artıb. Mebel sənayesinin ölkədə istehsal olunan ümumi sənaye məhsulunda payı da 2024-cü ildə 0.5 faizdən 0.6 faizə yüksələrək 20 faizlik nisbi artım nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə "Mebel üçün metal və plastik aksesuarların, mexanizmlərin istehsalı" sahəsi üzrə aparılan daxili bazar araşdırmasında yer alıb.

Araşdırmada qeyd olunur ki, mebel aksesuarları və mexanizmlərinə tələbat birbaşa mebel istehsalının həcmi ilə formalaşdığı üçün mebel sənayesindəki bu artım aksesuar bazarında idxal və istehsal həcmlərinin yüksəlməsinə səbəb olub. İdxal statistikası göstərir ki, 2022-ci ildə mebel üçün metal aksesuarlar və mexanizmlərin idxalı 5 594.23 ton və 16.65 milyon ABŞ dolları, 2023-cü ildə 6 348.29 ton və 21.42 milyon ABŞ dolları, 2024-cü ildə isə 7 022.16 ton və 23.4 milyon ABŞ dolları təşkil edib. Beləliklə, 2022-ci illə müqayisədə 2024-cü ildə idxal fiziki həcmdə 25.5 faiz, dəyər ifadəsində isə 40.5 faiz artıb.

Məhsul strukturu üzrə idxalda əsas payı bərkidici armatur və furniturlar tutur və bu məhsullar 2024-cü ildə idxalın 55.06 faizini təşkil edib, şarnirlər isə 37.4 faiz payla ikinci yerdə qərarlaşıb. Digər məhsullar - mebellərdə istifadə olunan qıfıllar, mebel təkərləri və avtomatik bağlama mexanizmləri - ümumi idxalda təxminən 7.5 faizlik paya malik olub. Araşdırmada vurğulanır ki, idxal olunan mebel aksesuarları üzrə bir ton üçün orta qiymətlər də 2022-24-cü illərdə artım tendensiyası nümayiş etdirib və xüsusilə qiymətsiz metallardan qapıların bağlanması üçün avtomatik qurğular üzrə ton başına qiymət artımı 91 faizə çatıb.

İxrac göstəricilərinə gəlincə, mebel üçün metal aksesuarlar və mexanizmlərin ixracı hələ ki məhdud həcmdə olsa da, artım dinamikası nümayiş etdirir. Belə ki, 2022-ci ildə 64.48 ton və 947.67 min ABŞ dolları olan ixrac həcmi 2023-cü ildə 302.55 ton və 3.35 milyon ABŞ dollarına, 2024-cü ildə isə 319.86 ton və 3.84 milyon ABŞ dollarına yüksəlib. 2022-24-cü illər ərzində ixrac fiziki həcmdə təxminən beş dəfə, dəyər ifadəsində isə dörd dəfə artsa da, araşdırmada qeyd olunur ki, başlanğıc baza göstəricilərinin çox aşağı olması bu artımın sektorun strukturunda hələlik ciddi dəyişiklik yaratmasına imkan vermir.

2024-cü ildə ixracın məhsul strukturunda bərkidici armatur və furniturlar 57.3 faiz, şarnirlər isə 40.1 faiz paya malik olub və ixrac, əsasən, Rusiya, Gürcüstan, Qırğızıstan və məhdud sayda digər ölkələrə yönəlib. Qiymət dinamikasında isə ixrac olunan məhsullar üzrə ton başına orta qiymətlərin azalması müşahidə olunub ki, bu da Azərbaycanın mebel aksesuarları və mexanizmləri bazarında daha çox həcm üzrə rəqabət apardığını göstərir.

Araşdırmanın nəticələrinə görə, 2024-cü ildə mebel aksesuarları və mexanizmləri üzrə idxalın həcmi 23.4 milyon ABŞ dolları, ixracın həcmi isə cəmi 3.84 milyon ABŞ dolları təşkil edib ki, bu da bazarda idxaldan asılılığın davam etdiyini göstərir. Sorğu nəticələri və SWOT təhlili onu göstərir ki, sektorda sabit daxili tələbat və dövlət dəstəyi kimi güclü tərəflər mövcud olsa da, xammal üzrə idxaldan asılılıq, texnoloji gerilik, kadr çatışmazlığı və idxal məhsulları ilə qiymət rəqabəti kimi zəif tərəflər və risklər qalmaqdadır.

Araşdırmada vurğulanır ki, sənaye parkları və məhəllələri, investisiya təşviqi sənədləri, güzəştli kreditlər və KOBİA-nın təqdim etdiyi maliyyə və institusional dəstək mexanizmlərindən səmərəli istifadə edildiyi təqdirdə mebel üçün metal və plastik aksesuarlar və mexanizmlər istehsalı sahəsinin həm daxili bazarın daha böyük hissəsini təmin etmək, həm də region ölkələrinə ixracı genişləndirmək baxımından əhəmiyyətli potensiala malik olduğu qənaətinə gəlinib.

Elmidar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
oxu.az

1Mənbələr