Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar əsasında apardığı təhlilə əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycandan 1,22 milyard kVt/saat elektrik enerjisi ixrac olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu göstərici 1,75 milyard kVt/saat təşkil edib. Beləliklə, ötən ilin ilk 11 ayı ilə müqayisədə elektrik enerjisi ixracında 30,1 faiz və ya 0,53 milyard kVt/saat azalma qeydə alınıb.
Heftelik.az tehlil.az-a istinadən xəbər verir ki, təhlil göstərir ki, 2021-ci ilin ilk 11 ayında ixrac edilən elektrik enerjisinin həcmi 1,23 milyard kVt/saat olub. 2022-ci ildə isə əvvəlki illə müqayisədə 33 faiz və ya 0,4 milyard kVt/saat azalma baş verib və elektrik enerjisinin ixrac həcmi 0,83 milyard kVt/saat səviyyəsində formalaşıb. Ən yüksək artım dinamikası isə 2023-cü ilin ilk 11 ayı üzrə qeydə alınıb. Həmin dövrdə elektrik enerjisinin ixrac həcmi 3,92 milyard kVt/saat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 374,5 faiz və ya 3,09 milyard kVt/saat artım deməkdir.
2023-cü ilin ilk 11 ayında elektrik enerjisinin ən çox ixrac edildiyi ölkə 1,91 milyard kVt/saat ilə Türkiyə olub. Gürcüstana 1,88 milyard kVt/saat, Rusiyaya 0,1 milyard kVt/saat, İrana isə 0,03 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
2025-ci ilin ilk 10 ayı ərzində ümumilikdə 1,13 milyard kVt/saat elektrik enerjisi ixrac edilib. Həmin dövrdə elektrik enerjisinin əsas ixrac bazarları sırasında Türkiyə ön plana çıxıb və bu ölkəyə 0,52 milyard kVt/saat elektrik enerjisi göndərilib. Gürcüstana 0,5 milyard kVt/saat, Rusiyaya 0,09 milyard kVt/saat, İrana isə 0,02 milyard kVt/saat elektrik enerjisi ixrac olunub.
Ümumilikdə, təqdim olunan rəsmi statistika son illər ərzində elektrik enerjisinin ixracında kəskin artım və azalma mərhələlərinin müşahidə olunduğunu göstərir.
.png)
Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində ixrac olunan elektrik enerjisinin ümumi dəyəri 69,7 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz və ya 24,2 milyon ABŞ dolları azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında elektrik enerjisinin ixrac dəyəri 93,9 milyon ABŞ dolları olub.
2021-ci ilin ilk 11 ayında Azərbaycandan 51,2 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib. 2022-ci ildə isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz və ya 13,7 milyon ABŞ dolları artım qeydə alınıb və ixracın ümumi dəyəri 64,9 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. 2023-cü ilin ilk 11 ayı elektrik enerjisinin ixrac dəyəri baxımından kəskin artımla yadda qalıb. Belə ki, həmin dövrdə 379,3 milyon ABŞ dolları həcmində elektrik enerjisi ixrac olunub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 484,8 faiz və ya 314,4 milyon ABŞ dolları artım deməkdir.
Ümumilikdə, təqdim olunan məlumatlar son illər ərzində elektrik enerjisinin ixrac dəyərində əhəmiyyətli dalğalanmaların müşahidə olunduğunu göstərir.
.png)
Rəsmi statistik məlumatların təhlilinə əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində ixrac olunan elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti 57,1 ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu göstərici 53,8 ABŞ dolları olub. Beləliklə, 2025-ci ildə elektrik enerjisinin ixrac qiymətində 6,1 faiz və ya 3,3 ABŞ dolları artım müşahidə edilib.
Qeyd olunduğu kimi, 2024-cü ilin ilk 11 ayında ixrac edilən elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti 53,8 ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,3 faiz və ya 42,9 ABŞ dolları azalma deməkdir. 2023-cü ilin ilk 11 ayında isə ixrac olunan elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti 96,7 ABŞ dolları olub. Bu göstərici son beş ilin ilk 11 ayı üzrə qeydə alınmış ən yüksək qiymət kimi dəyərləndirilir və 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz və ya 18,3 ABŞ dolları artım deməkdir. 2021-ci ilin ilk 11 ayında ixrac edilən elektrik enerjisinin 1000 kVt/saat üzrə orta qiyməti isə 41,5 ABŞ dolları səviyyəsində formalaşıb.
Ümumilikdə təqdim olunan məlumatlar son illər ərzində elektrik enerjisinin ixrac qiymətlərində nəzərəçarpacaq dəyişkənliyin müşahidə olunduğunu göstərir..png)