Yaponiyanın Baş naziri Takaiçi Sanae, Tayvana dair açıqlamalarından sonra Çinlə münasibətlərdə gərginliyin davam etməsinə baxmayaraq, Tokionun Pekinlə dialoqa açıq olduğunu və qapıların heç vaxt bağlanmadığını bildirib.
"Cebheinfo.az" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Takaiçi Sanae keçirdiyi mətbuat konfransında hökumətin prioritetlərini dəyərləndirib.
Baş nazir Takaiçi Yaponiya ilə Çin arasında mövcud problemlərin və qarşılıqlı narahatlıqların aradan qaldırılması üçün ünsiyyətin vacibliyinə diqqət çəkib:
“Ölkəmiz Çinlə dialoq üçün müxtəlif imkanlara açıqdır və bu qapını heç vaxt bağlamayıb”.
ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsinə münasibət bildirən Takaiçi, bu ölkədə sabitliyin təmin olunması üçün diplomatik səylər göstərəcəklərini qeyd edib. İqtisadi məsələlərə toxunan Takaiçi, süni intellekt sahəsində dövlət və özəl sektorun birlikdə təxminən 320 milyard dollar sərmayə yatırmağı hədəflədiyini açıqlayıb.
Xatırladaq ki, 7 noyabrda Yaponiya parlamentində (Diet) çıxışı zamanı Takaiçi, Tayvan boğazına hərbi müdaxiləni “ölkəsinin mövcudluğuna təhdid” kimi qiymətləndirəcəyini və bu halda hərbi gücdən istifadə edilə biləcəyini bildirmişdi. Bu açıqlama, Tayvanı öz ərazisi hesab edən Çinin sərt reaksiyasına səbəb olmuşdu.
Takaiçinin bu sözləri ilə ilk dəfə bir Yaponiya Baş naziri, Tayvanın işğalı halında hərbi güc tətbiq ediləcəyini açıq şəkildə bəyan etmiş və ölkənin bu məsələdəki “strateji qeyri-müəyyənlik” siyasətindən fərqli mövqe sərgiləmişdi.
Çin tərəfinin reaksiyası nəticəsində Yaponiya Baş naziri sözlərinin fərzi olduğunu, gələcəkdə bu cür şərhlərdən çəkinəcəyini bildirsə də, açıqlamalarını geri götürməkdən imtina etmişdi.
Bunun ardınca Pekin hökuməti Yaponiyanın Pekindəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim etmişdi.