"Çelsi" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, London klubunun mətbuat xidməti Liam Rosenyorun təyinatını elan edib.
41 yaşlı mütəxəssis 2032-ci ilin yayına qədər uzunmüddətli müqavilə imzalayıb.
Rosenyorun bundan əvvəlki son iş yeri Fransanın "Strasburq" klubu olub. Sözügedən klubla "Çelsi" eyni sponsorun himayəsindədir.
İngilis məşqçi 2024-cü ildən bəri Fransa klubunu çalışdırırdı. Bu müddət ərzində "Strasburq" Konfrans Liqasının qrup mərhələsini qazanıb və hazırda Liqa 1 turnir cədvəlində yeddinci yerdədir.
Rosenyor daha əvvəl İngiltərədə "Derbi Kaunti" və "Hall Siti" komandalarını çalışdırıb.
Xatırladaq ki, "Çelsi" rəhbərliyi yeni il ərəfəsində Entso Mareska ilə yollarını ayırıb.
"Zadəganlar" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci yerdədir. London təmsilçisi növbəti oyununu 8 yanvarda "Fulhem"ə qarşı keçirəcək.