AZ

Oqtay Qasımov: “Güc olmadan ədalət sistemi pozulur, hüquq olmadan isə təhlükəsizlik təmin olunmur”-ÖZƏL

Prezident İlham Əliyev yanvarın  5-də  yerli  telekanallara  müsahibəsində   bildirib ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir və Azərbaycan bunun ilk qurbanlarından biri olub. O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı dörd qətnaməsi 27 il icrasız qalıb və Azərbaycan torpaqlarını yalnız güc yolu ilə azad edə bilib. Prezident vurğulayıb ki, bu gün dünyada real güc amili əsas rol oynayır və ölkələr güclü olmağa çalışmalıdır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan Prezidenti  müsahibəsində "beynəlxalq hüquq işləmir" fikrini son illərdə bir neçə dəfə təkrar edib və bu, çox doğru bir təsbitdir. Belə ki, hazırda yaşadığımız dünyada beynəlxalq hüquq, ümumiyyətlə hüquq və qanunlar arxa plana keçir və güc faktoru önə çıxıb.
Yəni, kim güclüdürsə, o haqlıdır prinsipi ön plandadır və hazırda işləyir. Ən azı bir neçə gün əvvəl Venesuelada baş verənlər bunun bir daha təsdiqini göstərdi.
O cümlədən, 4 ildir davam edən Rusiya-Ukrayna savaşı da bunun məhz belə olduğunu göstərir. Bu baxımdan son 10 ildə beynəlxalq hüquqda ciddi dəyişikliklər olub və güc faktoru ön plana çıxıb. Artıq bütün dünyada bunun belə olduğunu demək mümkündür.
İkinci Dünya Müharibəsindən sonra mövcud olan düzən və qayda qanun ciddi şəkildə pozulub və bugünkü dünyamızda da güc faktoru ön plandadır. Buna görə  Azərbaycan Prezidenti haqlı olaraq qeyd edib ki, biz bütün bu amilləri nəzərə alaraq güclü olmalıyıq, hazır olmalıyıq, ayıq-sayıq olmalıyıq və özümüzü müdafiə etməliyik. Bunun üçün də özünü müdafiə etmək və dünya səviyyəsində öz yerimizi tutmaq üçün güclü olmalıyıq. Bu baxımdan, əlbəttə ki, güc və hüquq birlikdə işlədikdə ədalətli bir sistem yaranır. Bu faktorların biri olmadıqda vəziyyət fərqli anlam kəsb edir. Yəni, gücün olub hüququn olmadığı yerdə ədalət sistemi pozulur, hüququn olub gücün olmadığı yerdə isə  təhlükəsiz məsələləri ilə bağlı ciddi problemlər ortaya çıxır. 
Beynəlxalq hüquqdakı boşluqlar, daha doğrusu onun işləməməsi, dünyadakı bütün proseslərə, o cümlədən regional proseslərə ciddi şəkildə təsir edir. Bu amili Azərbaycan da öz üzərində görüb, yaşayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin heç biri icra olunmamışdı və Azərbaycan nəhayət 27 il sonra həmin qətnamələri icra edə bilib.
Bu baxımdan güc faktoru önəmlidir və Azərbaycan məhz bu amilləri nəzərə alaraq öz qüdrətini artırmağa, cəmiyyəti və dövləti ayıq-sayıq və hazır vəziyyətdə saxlamağa çalışır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr