AZ

Ermənistanla sülh müqaviləsi hansı şərtlərlə mümkündür ? - DEPUTAT DANIŞDI

“44 günlük Qarabağ müharibəsindən sonra formalaşan yeni regional reallıqları və bu reallıqların memarı olan siyasi liderliyin rolunu düzgün qiymətləndirmək vacibdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, 2020-ci il müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni status-kvo formalaşıb:

" Azərbaycan bu müharibədən qalib dövlət kimi çıxaraq öz ərazi bütövlüyünü bərpa edib və regionda beynəlxalq hüquqa əsaslanan yeni münasibətlər sisteminin əsas təşəbbüskarına çevrilib. Bu proseslərin mərkəzində isə Prezident İlham Əliyev dayanır. Məhz onun qətiyyətli siyasi iradəsi, diplomatik fəallığı və strateji baxışı nəticəsində müharibədən sonra sülh gündəliyi formalaşdırılıb.

Prezident İlham Əliyev postmüharibə dövründə həm regional, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə Azərbaycanın mövqeyini müdafiə edib. ABŞ, Avropa İttifaqı, Rusiya və digər beynəlxalq aktorlarla aparılan intensiv danışıqlarda dövlət başçısı açıq şəkildə bəyan edib ki, Azərbaycan müharibə istəmir, lakin sülh yalnız suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsipləri əsasında mümkündür. Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü beş əsas prinsip də məhz Prezident İlham Əliyevin siyasi xəttinin nəticəsidir.

Qarabağ müharibəsindən sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan tərəfi sülhə yalnız bəyanatlarla deyil, praktik addımlarla yanaşır. ABŞ platformasında sülh sazişi layihəsi üzrə sənədlərin paraflanması bu prosesin diplomatik nəticələrindən biridir. Bununla yanaşı, Ermənistana yanacağın ticarət əsasında ixracı, eləcə də dəmir yolu və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı konstruktiv mövqe Azərbaycanın regionda iqtisadi inteqrasiya və sabitlikdə maraqlı olduğunu göstərir. Bu addımlar humanitar yox, rasional və qarşılıqlı faydaya əsaslanan iqtisadi yanaşmanın nümunəsidir.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də prinsipial mövqe sərgiləyir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, bu proses beynəlxalq hüquq və tarixi xəritələr əsasında aparılmalı, siyasi manipulyasiya predmetinə çevrilməməlidir. Bu mövqe sülhün hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edir.

Hazırkı mərhələni belə xarakterizə etmək olar: texniki baxımdan sülhə yaxınlaşma mövcuddur, lakin siyasi baxımdan proses Ermənistanın qərarlarından asılı olaraq qeyri-müəyyən qalır. Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist yanaşmaların qalması, konstitusion səviyyədə Azərbaycanın ərazi bütövlüyünün tanınmaması sülhün önündə əsas maneələrdir.

Qarabağ müharibəsindən sonra yaranmış sülh imkanları məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində formalaşıb. Azərbaycan bu sülhə hazırdır və bunu diplomatik, iqtisadi və siyasi fəaliyyətlə sübut edir. Regionun gələcəyi imitasiya olunmuş proseslərə deyil, konkret qərarlara ehtiyac duyur".

Müəllif: Günay Hacıyeva
Seçilən
74
sia.az

1Mənbələr