AZ

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO

Bu gün böyük məhəbbət şairi Mikayıl Müşfiqin anım günüdür.

Düz 88 il əvvəl - 1937-il repressiyasının qurbanı olan Müşfiq güllələnərək Xəzər sularına atılıb.

Faciəli ölümündən sonra qəlblərdə özünün lirik, həzin şeirləri ilə yuva salan nakam şairin xatirəsi bu gün doğulduğu Xızı rayonunun Sayadlar kəndində hörmətlə yad edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, heç bir dəvət gözləmədən Xızı ilə yanaşı, Sumqayıt, Bakı, Siyəzən və Qubadan Müşfiq ocağına gələn müşfiqsevər insanlar, ziyalılar, ədəbiyyat nümayəndələri, yerli icra və mədəniyyət qurumlarının əməkdaşları şairin büstünü və adına olan muzeyi ziyarət ediblər.

“Şöhrət” ordenli, Əməkdar müəllim, şairə Ofeliya Babayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Mövsüm Bağırov və başqaları çıxış edərək, Mikayıl Müşfiqin həyat yolu və ədəbi irsi barədə geniş məlumat veriblər. Görkəmli şairin Azərbaycan ədəbiyyatındakı yeri, lirikasının əsas xüsusiyyətləri diqqətə çatdırılıb. Eyni zamanda, nakam sənətkarın yaradıcılığının gənc nəslin milli özünüdərkinin formalaşmasında, onlarda vətənə sevgi və vətənpərvərlik duyğularının gücləndirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Mövsüm Bağırov bu il Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin binasında yenilənmə və təmir işləri aparılacağını vurğulayıb.

Xatırladaq ki, Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.

















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
30
1
bizim.media

2Mənbələr