AZ

Siyasi şərhçi: Beynəlxalq hüquq güc balansından asılı olaraq selektiv tətbiq edilir

Bakı, 6 yanvar, Səbinə Əlizadə, AZƏRTAC

Prezident İlham Əliyevin ötən gün jurnalistlərə verdiyi müsahibədə “dünyada beynəlxalq hüququn olmadığını” vurğulaması əslində qlobal sistemdə illərdir formalaşmış dərin paradoksun açıq ifadəsidir. Bu Azərbaycanın tarixi təcrübəsindən və yaşadığı real hadisələrdən irəli gələn nəticədir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn kağız üzərində mövcud olduğu, lakin praktikada işləmədiyi halları uzun illər yaşamış ölkələrdəndir: “Azərbaycan torpaqlarının işğalı dövründə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə tanıyır, işğalçı qüvvələrin dərhal çıxmasını tələb edirdi. Hüquqi baxımdan bu sənədlər beynəlxalq hüququn bütün normalarına tam uyğun idi. Lakin reallıqda bu qətnamələrin icrası üçün nə sanksiya mexanizmləri işə salındı, nə də beynəlxalq ictimaiyyət ciddi siyasi təzyiq göstərdi. Nəticədə hüquq norması mövcud olsa da, onu həyata keçirəcək siyasi iradə olmadığından sənədlər uzun illər kağız üzərində qaldı”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın yaşadığı bu acı təcrübə beynəlxalq sistemdə eyni prinsiplərin hər kəs üçün eyni işləmədiyini bir daha göstərdi: “Bəzi hallarda dövlətlərin ərazi bütövlüyü prinsipinin qətiyyətlə müdafiə edildiyi, digər hallarda isə illərlə görməzdən gəlinməsi beynəlxalq münasibətlərin ədalət üzərində deyil, güc balansı üzərində qurulduğunu nümayiş etdirir”.

Ülviyyə Zülfiqar beynəlxalq hüququn işlək mexanizmə çevrilməsinin siyasi iradə və güc balansından asılı olduğunu vurğulayaraq deyib: “Beynəlxalq hüquq zəiflər üçün ümid, güclülər üçün isə seçim aləti rolunu oynayır. Son illərdə baş verən hadisələr də göstərir ki, beynəlxalq hüquq getdikcə universal norma olmaqdan çıxaraq selektiv şəkildə tətbiq olunan siyasi alətə çevrilir. Hüququn işləməsi artıq sənədlərin mövcudluğundan deyil, onları icra etməyə hazır olan siyasi iradənin olub-olmamasından asılıdır. Bu iradə olmadığı hallarda isə beynəlxalq hüquq faktiki olaraq susur”.

Seçilən
95
azertag.az

1Mənbələr