AZ

Yasamalda yanan binada vəziyyət belədir: 96 mənzildən 80-i...

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında yerləşən və yanğın baş verən çoxmərtəbəli yaşayış binasında bərpa prosesi yekunlaşmaq üzrədir.

Bunu “Yeni Sabah”a açıqlamasında bina sakinlərindən olan jurnalist Heydər Mirzə bildirib.

Onun sözlərinə görə, artıq binada su, qaz və işıq var:

“Liftlərdən biri bərpa olunub, baxmayaraq ki, bir qədər səs-küy yaradır. Böyük lift isə hələlik işləmir. Demək olar ki, əksər mənzillərdə internet də bərpa olunub. Amma bəzi mənzillərdə yoxdur. Çünki binada 6-7 müxtəlif internet provayderi fəaliyyət göstərir və hər biri fərqli sürətlə işləyir. Buna baxmayaraq, böyük əksəriyyətdə internet problemi həll olunub.”.

H.Mirzə əsasən kosmetik işlərin qaldığını açıqlayıb:

“Binanın parad hissəsindəki pəncərlər demək olar ki, bütün mərtəbələrdə sökülüb və onların yeniləri ilə əvəzlənməsi lazımdır. Təmir zamanı şaxtalar dağıdılıb, çünki kabel şaxtası üçün dəhlizlər açılıb. Bu hissələr yenidən bağlanmalı, bütün mərtəbələrdə bərpa olunmalı, üzlük və boya vurulmalıdır. Yəni, hazırda qalan əsas məsələlər kosmetik bərpa işləridir. Blokun pəncərələrinin sökülü olması mənzillərə soyuq havanın dolmasına səbəb olur. Kombi maksimum rejimə qoyulsa belə, mənzili isti saxlamaq çətindir. 96 mənzilin sahiblərindən 70-80-i artıq geri qayıdıb və yaşayış bərpa olunub”.

Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı ölüb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
68
yenisabah.az

1Mənbələr