AZ

Mesajlardan biri budur ki, əməkdaşlıq ideoloji deyil, praqmatik əsaslarla qurulmalıdır - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibə həm regional, həm də beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinə dair mühüm mesajlarla yadda qaldı. Xüsusilə, ABŞ ilə münasibətlər və 907-ci düzəlişin ləğvi məsələsi müsahibənin diqqətçəkən əsas məqamlarından biri oldu".

Bunu Hafta.az-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib.

Partiya sədri qeyd edib ki, Prezident çıxışında Azərbaycanın müstəqil və prinsipial xarici siyasət xəttinə diqqət çəkdi. Bildirdi ki, Azərbaycan heç bir dövlətlə münasibətlərini birtərəfli asılılıq üzərində qurmur.

M.Rəhimli qeyd edib ki, əməkdaşlıq yalnız qarşılıqlı hörmət və maraqlar əsasında mümkündür. Bu yanaşma ABŞ-Azərbaycan münasibətlərinə də aiddir:

"Prezident açıq şəkildə qeyd etdi ki, Vaşinqtonla münasibətlərdə yaşanan gərginliklər Azərbaycanın davranışından deyil, daha çox ABŞ-ın regiona selektiv və ikili standartlara əsaslanan yanaşmasından qaynaqlanır.

907-ci düzəliş məsələsinə toxunarkən Prezident bu sənədin artıq siyasi və hüquqi baxımdan aktuallığını itirdiyini dedi. Lakin ABŞ-də bəzi dairələrin onu təzyiq aləti kimi saxladığını da haqlı olaraq vurğuladı. Bu düzəliş ədalətsiz münasibətdən qaynaqlanıb. Belə ki, Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti fonunda Azərbaycan cəzalandırılıb. Prezidentin mesajı aydın idi: əgər ABŞ Cənubi Qafqazda etibarlı tərəfdaş olmaq istəyirsə, keçmişin qərəzli qərarlarından imtina etməlidir".

Ə.Rəhimli qeyd edib ki, müsahibədə diqqət çəkən digər mühüm məqam Azərbaycanın artan geosiyasi əhəmiyyəti ilə bağlı idi:

"Prezident Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional sabitlik baxımından ABŞ üçün alternativsiz tərəfdaş olduğunu xatırlatdı. Bu kontekstdə 907-ci düzəlişin saxlanılması ABŞ-nin öz maraqlarına da ziddir. Prezidentin mesajı ondan ibarət idi ki, əməkdaşlıq ideoloji deyil, praqmatik əsaslarla qurulmalıdır.

Ümumilikdə, müsahibə Azərbaycanın ABŞ-a ünvanladığı açıq siyasi çağırış kimi dəyərləndirilə bilər. Münasibətlər bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında inkişaf edə bilər, əks halda Azərbaycan öz yolunu müstəqil şəkildə davam etdirəcək. Prezidentin çıxışı göstərdi ki, Azərbaycan artıq müdafiə mövqeyində deyil, regional güc kimi mövqeyini özü müəyyən edir. Bu isə həm 907-ci düzəliş məsələsində, həm də ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafında həlledici amil kimi çıxış edir"

Tahirə Qafarlı

Seçilən
16
hafta.az

1Mənbələr