AZ

Liderlərin sevimli hesabı – 2:1! - İCMAL

İngiltərədə premyer-liqasında hesabat turu bir top fərqli qələbələrlə əlamətdar oldu. Xüsusən də 2:1 hesabı daha populyardı.

"Football-plus.az" xəbər verir ki, turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan “Arsenal”, “Mançester Siti” və “Aston Villa” ilə yanaşı, “Liverpul” da bu hesabla qələbə qazandı.

“Boxing Day”də keçirilən yeganə oyun məzmunlu alınmadı. Bununla belə, MY azarkeşləri bayram gününü yüksək əhval-ruhiyyədə bitirdi. Axı onların sevimli komandası “Nyukasl”ı məğlub etdi. Qələbə “qırmızı şeytanlar”a çətin başa gəldi. Amorim MY-nin baş məşqçi postuna əyləşəndən bəri ilk dəfə üç mərkəz müdafiəçisinin olduğu sxemdən imtina edib, 4 müdafiəçiyə güvəndi. Portuqaliyalının taktiki sxemində sağ vinger kimi oynayan Dorqunun yeni rolu hər şeydən çox təəccübləndirdi. Amorimin bu gedişi effekt verdi, axı məhz Dorqu ilk yarının ortalarında hesabı açdı.

Bundan sonra mankunianlar topu və ərazi üstünlüyünü rəqibə verdi. MY 2-ci hissədə öz qapısı önündə açıq-aşkar “avtobus qurdu”, heç məzmunlu əks-hücumlarla da yadda qalmadı. Düzdü, 2-ci hissənin gedişində Şeşkonun fərqi artırmaq üçün gözəl imkanı oldu, ancaq sloveniyalı əlverişli mövqedən topu tirə vurdu. “Nyukasl” önəmli ərazi üstünlüyünə malik olsa da, 10-dan artıq künc zərbəsi yerinə yetirsə də, hesabı bərabərləşdirə bilmədi. MY isə bu qələbə sayəsində turnir cədvəlində bir pillə irəlilədi.

Premyer-liqada ardıcıl 5 qələbə qazanan MS “Nottingem Forest”in qonağı idi. Qvardiolanın komandası aşkar favorit sayılsa da, “meşəçilər”i də hesabdan silmək olmazdı. Şon Dayç yetirmələrinə necə motivasiya vermişdisə, onlar ilk yarıda “şəhərlilər”in “əl-qolunu bağlamışdı”. Qonaqlar ilk yarıda bir dəfə də təhlükəli vəziyyət yarada bilmədi. Belədə komandaların fasiləyə qolsuz bərabərliklə yollanması anlaşılandı. 2-ci hissə isə daha məzmunlu alındı. MS dərhal Reyndersin qolu ilə hesabı açdı. Ancaq “meşəçilər” cəmi 6 dəqiqə sonra hesabı bərabərləşdirdi. Ardından meydanda hər iki komandanın ifasında cəlbedici oyun getdi. Qələbə isə “Siti”nin oldu. 83-cü dəqiqədə künc zərbəsinin ardından Qvardiol Şerkinin fərqlənməsinə şərait yaratdı.

MS lider “Arsenal”ın təqibini davam etdirir.
Daha dəqiqi, meydana “Arsenal”dan tez çıxan “Siti” lider kürsüsündə bir neçə saat qaldı. “Topçular” evdə “Brayton”a qalib gəlməklə yenidən zirvəyə qayıtdı. “Qağayılar”la əvvəlki iki oyunda xal itirən “Arsenal” bu dəfə həmin ssenarinin təkrarlanmasına imkan vermədi. Oyuna fəal başlayan Artetanın komandası artıq 1-ci dəqiqədə rəqib qapısına zərbə vurdu. Meydan sahibləri hesabı da erkən açdı – 14-cü dəqiqədə Edeqorun zərbəsini Verbrüggen qaytara bilmədi. İstədiyinə nail olan londonlular təzyiqi azaltdı. “Brayton”un futbolçuları bundan yararlana bilmədi. Onlar ilk yarı boyunca Rayyanın qapısına bir zərbə də vurmadı. “Arsenal”ın 2-ci qolu ikinci hissənin əvvəlinə təsadüf etdi – “topçular”ın künc zərbəsi zamanı hava mübarizəsindən qalib ayrılan Rütter topu öz qapısına göndərdi. Amma qonaqlar tezliklə intriqanı bərpa etdi. Ayyarinin dirəkdən dönən zərbəsini Qomes qolla tamamladı.

Meydan sahibləri hətta qələbəni əldən verə bilərdi. Sadəcə, Mintexin uzaq “9-luğ”a zərbəsi zamanı Rayya komandasını xilas etdi. “Arsenal”dan isə Martinelli gözəl imkanı qaçırdı. Oyunda hesab dəyişmədi, deməli, həm də “topçular” liderliyi qorudu.

2025 “Liverpul” üçün qələbə ilə bitdi. Slotun komandası ilin sonunda yenidən özünə oxşamağa başlayıb. Frimponq və Virts kimi yenilərin artıq komandaya uyğunlaşdığını demək olar. “Bayer-04”ün sabiq kapitanı premyer-liqada, ümumiyyətlə, “qırmızılar”ın heyətində ilk qolunu vurdu. 2-ci hissənin əvvəlində çempion bir qədər arxayınlaşdı, bundan yararlanan “canavarlar” fərqi azaltdı. Ancaq son nəticədə sensasiya baş vermədi. “Liverpul” bu qələbədən sonra “ÇL zonası”na qayıtdı...

...ona görə ki, “Çelsi” evdə “Aston Villa”ya uduzdu. Oyunun ilk yarısına baxanlar sonda qeydə alınan hesaba inanmayacaq. “Zadəganlar” oyun vaxtının 70 faizində topa nəzarət etdi, onlarla zərbə vurdu. Total üstünlük yalnız bir qolda əksini tapdı. Hissənin sonunda Ceymsin künc zərbəsindən asmasını Pedro qolla tamamladı. Ancaq Emerinin 59-cu dəqiqədə üçlü əvəzetməsi oyunun axarını kəskin şəkildə dəyişdi. Meydana Uotkins, Sançes və Onana çıxdı. 63-cü dəqiqədə Onananın ötürməsindən sonra Uotkins hesabı bərabərləşdirdi. Mareskanın əvəzetmələri rəqibin təzyiqini bir qədər azaltsa da, qələbə topuna mane ola bilmədi. “Aston Villa” 84-cü dəqiqədə Uotkinsin sayəsində önə çıxdı. Birmingemlilər növbəti qələbə ilə liderlərin ən yaxın izləyicisi statusunu qorudu.

Turun qalan oyunlarına gəlincə, “Brentford” evdə “Bornmut” üzərində böyükhesabı qələbə qazandı. “Fulhem” “Vest Hem”ə yeganə qolla qalib gəldi. Elə “Tottenhem” də “Kristal Pelas”la oyunda bu hesaba sevindi. “Sanderlend” – “Lids” oyununda komandalar hərəyə bir qol vurdu. “Bernli” – “Everton” oyununda isə hesab açılmadı. Liverpul klubu ardıcıl 3-cü oyunda qol vura bilmədi.

18-ci tur
Arsenal – Brayton 2:1

Edeqor, 14. Rütter, 52-öz qapısına – Qomes, 64. (60209)
Arsenal: Rayya, Rays, Saliba, İnkapye, Lüis-Skelli (Qabriel, 71), Merino, Subimendi, Edeqor, Saka, Dyökereş (Jezus, 71), Trossar (Martinelli, 82).

Nottingem Forest – Mançester Siti 1:2
Hatçinson, 54 – Reynders, 48. Şerki, 83. (30778)
MS: Donnarumma, Nunyeş, Dias, Qvardiol, O’Rayli, B.Silva, Niko, Reynders (Savinyo, 73), Şerki (Ake, 89), Foden, Holann.

Çelsi – Aston Villa 1:2
Pedro, 37 – Uotkins, 63; 84. (39765)
Çelsi: Sançes, Ceyms, Badyaşil, Çaloba, Kukurelya (Hüsto, 69), Kaysedo, Fernandes, Neto, Palmer (Estevao, 72), Qarnaço (Gittens, 69), Pedro (Delap, 69).

Liverpul – Vulverhempton 2:1
Qravenberx, 41. Virts, 42 – Bueno, 51. (60466)
Liverpul: Alisson, Frimponq, Konate, Van Diyk, Kerkez, Qravenberx, Cons, Kyeza (Bredli, 61), Makallister, Virts (Nyoni, 90+3), Ekitike (Qakpo, 86).

Mançester Yunayted – Nyukasl 1:0
Dorqu, 24. (73758)
MY: Lammens, Martines (Fredrikson, 88), Heven, Şou (Malasia, 88), Dalot, Kazemiro (Yoro, 61), Uqarte, Dorqu, Kunya, Maunt (Fletçer, 46), Şeşko (Zirkzee, 60).

Kristal Pelas – Tottenhem 0:1
Qrey, 42. (25186)
Tottenhem: Vikario, Porro, Danso, Van de Ven, Spens, Bentankur, Qrey (Drequşin, 85), Kudus (Conson, 85), Berqvall (Palyinya, 63), Kolo-Muani (Odober, 63), Rişarlison.

Bernli – Everton 0:0
(21637)

Brentford – Bornmut 4:1
Şade, 7; 51; 90+6. Petroviç, 39-öz qapısına – Semenyo, 75. (17152)

Vest Hem – Fulhem 0:1
Ximenes, 85. (62464)

Sanderlend – Lids 1:1
Adinqra, 28 – Kalvert-Lüin, 47. (46675)

1. Arsenal 18 13 3 2 33-11 42
2. Mançester S. 18 13 1 4 43-17 40
3. Aston Villa 18 12 3 3 29-19 39
4. Liverpul 18 10 2 6 30-26 32
5. Çelsi 18 8 5 5 30-19 29
6. Mançester Y. 18 8 5 5 32-28 29
7. Sanderlend 18 7 7 4 20-18 28
8. Brentford 18 8 2 8 28-26 26
9. Kristal Pelas 18 7 5 6 21-20 26
10. Fulhem 18 8 2 8 25-26 26
11. Tottenhem 18 7 4 7 27-23 25
12. Everton 18 7 4 7 18-20 25
13. Brayton 18 6 6 6 26-25 24
14. Nyukasl 18 6 5 7 23-23 23
15. Bornmut 18 5 7 6 27-33 22
16. Lids 18 5 5 8 25-32 20
17. Nottingem Forest 18 5 3 10 18-28 18
18. Vest Hem 18 3 4 11 19-36 13
19. Bernli 18 3 3 12 19-34 12
20. Vulverhempton 18 0 2 16 10-39 2

Bombardirlər: Holann (MS) – 19, Tyaqo (Brentford) – 11, Semenyo (Bornmut) - 9, Ekitike (Liverpul), Kalvert-Lüin (Lids) - 8.

Turun rəqəmi
11 – bütün turnirlərdə ardıcıl qələbə sayını bu həddə çatdıran “Aston Villa” klub rekordunu təkrarladı. Birmingemlilər sonuncu dəfə 1914-cü ildə belə seriya yaxalayıb. 1897-ci ildə də “Aston Villa”nın ardıcıl 11 qələbəsi olub.

Turun ulduzu
Kevin Şade (Brentford) – “arılar”ın alman bombardiri het-trik etməklə çətin rəqib üzərindəki darmadağının əsas memarı oldu. Sadəcə, onun oyununda sabitlik çatmır. Kevin buna qədər premyer-liqada son qolunu noyabrın əvvəlində vurmuşdu.

Turun sitatı
Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:
“34-cü tura qədər çempionatdakı hədəflər haqda danışmaq niyyətimiz yoxdu. “Liverpul”la “Çelsi” yüksək yerlərə bizdən daha çox iddialıdı. Çempionat 38 turdan ibarətdi. Turnir sabah bitsəydi, “Arsenal”la oyun haqda danışardıq (növbəti turda bu komandalar qarşılaşacaq – red.). Ancaq irəlidə hələ 20 oyun var”.


Faktlar
* MY 2022-nin martından bəri ilk dəfə zədəli Bruno Fernandeşin yoxluğunda qələbə qazandı. Əvvəlki belə qələbə Ralf Ranqnik komandaya rəhbərlik etdiyi dövrə - “Tottenhem”lə oyuna (3:2) təsadüf etmişdi. Fernandeşin olmadığı sonrakı 6 oyunda isə cəmi 1 xal (heç-heçə və 5 məğlubiyyət) qazanılıb.
* MS bütün turnirlərdə ardıcıl 8-ci qələbəsini qazandı. Bu seriya noyabrın 29-dan bəri davam edir. “Şəhərlilər” sonuncu dəfə noyabrın 25-də ÇL oyununda “Bayer-04”ə uduzub (0:2).
* “Vulverhempton” bu tur da xal qazana bilmədi. Premyer-liqa tarixində ilk dəfə hansısa komandanın 18 turdan sonra cəmi iki xalı var. Bu zaman kəsiyi üçün əvvəlki antirekord “Şeffild Yunayted”ə məxsus idi – 2020/21 mövsümündə 5 xal.
* Premyer-liqanın cari mövsümündə heç bir komanda hesabda irəlidə olduğu oyunlarda “Çelsi” qədər xal itirməyib. Londonlular belə oyunlarda artıq 13 xal itirib. Onlar bütün ötən mövsüm boyunca eyni ssenari ilə 15 xal itirmişdi. “Çelsi” “Aston Villa” ilə oyunda 63-cü dəqiqəyə qədər hesabda öndə idi.
* “Arsenal”ın son 6 qolundan dördü avtoqol sayəsində reallaşıb. “Opta”nın stasistikasına əsaslansaq, “topçular”ın bütün turnirlər çərçivəsindəki 182 oyununda da məhz bu qədər avtoqol qeydə alınmışdı.

Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Milad günlərində yığdığım çəkini bu gün atdım. Yenidən formadayam. Şon Dayç necə də gözəl komanda yaradıb... “Nottingem Forest” qeyri-adi komandadı. Bu komanda ötən mövsüm bir-iki oyuna görə Çempionlar Liqasına düşə bilmədi. Bu səfərin çətin keçəcəyi haqda son günlər futbolçularla dəfələrlə danışmışdıq. Bu gün hazır olmasaydıq, qələbə qazana bilməyəcəkdik. Mentallığımız qeyri-adi səviyyədə idi, bu üzdən yenidən uşaqlardan çox razıyam”.
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Şadam, ona görə ki, futbolda əsas nəticədi. Bu mövsüm dəfələrlə yaxşı oynamışıq, ancaq istədiyimiz nəticəni qazana bilməmişik. Qələbə həmişə yaxşıdı. Bu mövsüm, demək olar ki, məşq etməyən Bredli ilə Qakponu da meydana buraxmalı oldum. Virts bu gün komanda üçün çox iş gördü. Hesab edirəm ki, qolla yanaşı, başqa fədakarlıqlar da etdi”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Oyundan çox razıyam. Həm fərdi, həm də kollektiv planda dominantlıq etdik. Ancaq hesab arasındakı fərq daha böyük olmalıydı – oyunun gedişində yaratdığımız qol vəziyyətlərinin sayına görə belə deyirəm. Hesab 2:1 olmamalıydı, ancaq bura premyer-liqadı. Rəqib elə ilk zərbədə qol vurdu, ardından Rayya hesabı qorumaq üçün daha bir seyv etməli oldu. Bir çox problemin öhdəsindən qeyri-adi şəkildə gəlməyimiz xoşuma gəlir. Dünən Timberi, bu gün isinmə hərəkətlərində Kalafyorini itirdik, cinah müdafiəçisi mövqeyində oynamağa məcbur olan Raysın necə yaxşı oynadığını gördüz. Bütün bu məqamlar oyunçularımızın istəyindən və əhval-ruhiyyəsindən xəbər verir”.
Seçilən
40
1
football-plus.az

2Mənbələr