Bakı, 6 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı açıqladığı fikirlər bir daha göstərir ki, Azərbaycanın xarici siyasətində prinsipiallıq, tarixi yaddaş və ədalət anlayışları əsas yer tutur. Dövlətimizin başçısı müxtəlif kontekstlərdə qlobal və regional proseslərə münasibət bildirərkən, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinə də xüsusi diqqət ayırıb. Bu münasibətlər tarixi baxımdan mürəkkəb mərhələlərdən keçib, lakin yeni geosiyasi reallıqlar fonunda tamamilə fərqli məzmun kəsb etməyə başlayıb.
Bu sözləri AZƏRTAC-a açıqlmasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsi zamanı 1992-ci ildə ABŞ Konqresində qəbul edilən və “Azadlığa Dəstək Aktı”na əlavə olunan 907-ci düzəlişi xüsusi olaraq xatırladıb. Bu düzəliş Azərbaycanın həmin dövrdə işğala məruz qalan tərəf olmasına baxmayaraq, haqsız və ədalətsiz şəkildə ölkəmizə qarşı siyasi təzyiq alətinə çevrilib. Faktiki olaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti görməzdən gəlinib, əksinə, qurban olan tərəf cəzalandırılıb. Bu, beynəlxalq hüququn və obyektivliyin açıq şəkildə pozulması idi.
“Məhz bu proseslərdə ABŞ-ın sabiq Prezidenti Co Baydenin adının xüsusi qeyd olunması təsadüfi deyil. Co Bayden senator olduğu dövrdə 907-ci düzəlişin qəbul edilməsində fəallıq göstərən əsas fiqurlardan biri olub. Sonrakı mərhələdə - onun ABŞ Prezidenti olduğu dövrdə də Azərbaycana qarşı ikili standartlara əsaslanan yanaşmanın davam etdiyini müşahidə etdik. Bayden administrasiyasının Cənubi Qafqaz siyasətində balansdan uzaq, əsasən Ermənistana yönəlmiş dəstək xətti aparması regionda sülhə və sabitliyə xidmət etməyib. Prezident İlham Əliyevin də haqlı olaraq vurğuladığı kimi, bu cür ikili standartlar Ermənistan-Azərbaycan münasibətlərində gərginliyin dərinləşməsinə, sülh prosesinin ləngiməsinə və regionda etimadsızlığın artmasına gətirib çıxarıb. ABŞ kimi qlobal gücün obyektiv vasitəçi rolundan uzaqlaşması, əslində, Cənubi Qafqazda uzunmüddətli sabitlik imkanlarını zəiflədib. Lakin ABŞ-da siyasi rəhbərliyin dəyişməsi ilə yanaşı, Vaşinqtonun Cənubi Qafqaza baxışında da ciddi transformasiya baş verib. Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Amerika Administrasiyası regionla bağlı daha ədalətli və realist mövqe nümayiş etdirməyə başlayıb. Bu yanaşma, ilk növbədə, Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqların qəbul olunması ilə xarakterizə olunur”, - deyə deputat bildirib.
A.Allahverənov məhz bu çərçivədə ABŞ və Ermənistan arasındakı bir sıra hərbi əməkdaşlıq mexanizmlərinin dayandırılması ilə bağlı qərarların qəbul edildiyini xatırladıb: “Bu addımlar Vaşinqtonun bölgədə gərginliyi artıran deyil, sülhü təşviq edən siyasət yürütmək niyyətinin göstəricisi olub. Tramp Administrasiyası açıq şəkildə etiraf edib ki, Cənubi Qafqazda dayanıqlı sabitliyin əsas aparıcı qüvvəsi Azərbaycandır. Həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni siyasi, təhlükəsizlik və əməkdaşlıq reallıqları ABŞ tərəfindən xüsusi olaraq təqdir edilib. ABŞ rəsmi şəkildə Azərbaycanın sülh təşəbbüslərini, regional əməkdaşlıq çağırışlarını və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib. Bu, ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub.
Prezident İlham Əliyevin 2025-ci ilin avqust ayında Vaşinqtona rəsmi səfəri isə Azərbaycan-ABŞ münasibətlərində tarixi dönüş nöqtəsi kimi yadda qalıb. Bu səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və strateji əməkdaşlığa əsaslanan yeni münasibətlər modelinin formalaşdığını təsdiqləyib. 2025-ci il hər iki dövlət üçün əlaqələrin inkişafı baxımından əlamətdar və tarixi il olub. Xüsusilə Azərbaycan və ABŞ arasında strateji işçi qrupunun yaradılması haqqında sənədin imzalanması mühüm əhəmiyyət daşıyır. Bu işçi qrupunun əsas məqsədi strateji tərəfdaşlıq xartiyasının hazırlanmasıdır və artıq bu istiqamətdə fəal və sistemli iş aparılır. Bu fakt onu göstərir ki, münasibətlər artıq epizodik maraqlar üzərində deyil, uzunmüddətli strateji baxış üzərində qurulur.
Nəticə etibarilə demək olar ki, Azərbaycan-ABŞ münasibətləri tamamilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələ qarşılıqlı hörmətə, suverenlik prinsipinə və regional reallıqların qəbuluna əsaslanır. Prezident İlham Əliyevin qətiyyətli və balanslı xarici siyasəti sayəsində Azərbaycan bu gün yalnız regionun deyil, eyni zamanda, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. ABŞ ilə münasibətlərin bu yeni səviyyəsi isə Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək”.