AZ

Asiya ilə Qərb arasında canlı körpü, etibarlı tərəfdaş: Azərbaycanın artan geosiyasi əhəmiyyəti

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində toxunduğu məsələlərdən biri də Mərkəzi Asiya-Azərbaycan birliyi ilə bağlı idi. Dövlət başçısı vurğuladı ki, C5-in C6-ya çevrilməsi bu gün təkcə bizim bölgəmizə münasibətdə yox, dünya üçün böyük əhəmiyyət daşıyır:

"Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır".

"Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısının fikirlərini Oxu.Az-a şərh edən deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında körpü rolunu oynayır:

"Nəzərə alaq ki, İran və Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması regiona beynəlxalq yükdaşımalar baxımından marağın artmasına gətirib çıxarıb və biz nəticədə Orta Dəhlizin imkanlarının genişləndiyini müşahidə edirik. Çünki Orta Dəhliz yalnız Çin və ya aparıcı Asiya ölkələri üçün deyil, eyni zamanda Avropa dövlətləri üçün də cəlbedicidir. Bu baxımdan, həm infrastrukturun genişləndirilməsi, elektron xidmətlərin tətbiqi, eləcə də qonşu ölkələrlə vahid tariflərin tətbiqi istiqamətində aparılan danışıqlar regionun, xüsusilə də Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.

Azərbaycan Gürcüstan və Qazaxıstanla vahid tarifin tətbiq olunması məsələsində praktiki olaraq razılığa gəlib və bu, beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından vacibdir. Bu baxımdan, Azərbaycan Avropa ilə Asiyanı, Qərb və Şərqi, xüsusilə də Qərb ilə Mərkəzi Asiyanı birləşdirən dövlətdir. Bu da təbii ki, Azərbaycanın geosiyasi mövqeyinin yeni dünya düzənində daha da güclənməsinə işarədir".

Müsahibimiz əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə ümumilikdə Azərbaycanın bu kontekstdə mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq və ölkəmiz yalnız Mərkəzi Asiya ilə Avropanı deyil, türk dövlətlərini quru nəqliyyat vasitəsi ilə birləşdirən bir dövlətə çevriləcək:

"Bu kontekstdə biz növbəti mərhələdə Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi və Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcminin daha da artmasını müşahidə edəcəyik".

Deputat Müşfiq Cəfərov da Oxu.Az-a açıqlamasında Azərbaycanın infrastruktur layihələrinin C6 formatı çərçivəsində Mərkəzi Asiya ilə inteqrasiya şəraitində daha səmərəli istifadə oluna biləcəyini deyib:

"Bu, Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirərək ixrac gəlirlərini daha da artıracaq".

"Azərbaycan və Mərkəzi Asiyanın vaxtilə ortaq mədəni, təhsil sistemlərinə malik olması onların bu sahədə də əməkdaşlığı üçün yeni sahə açar. Qarşılıqlı mədəni, iqtisadi, ticarət və sosial əlaqələrin genişlənməsi, səfərlər edilməsi tərəflər arasında turizm əlaqələrinin inkişafına da təkan verəcək.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir" - deyə, millət vəkili diqqətə çatdırıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
oxu.az

1Mənbələr