AZ

Alman sənayesi kritik infrastrukturun mühafizəsinin gücləndirilməsini tələb edir

Berlin, 6 yanvar, AZƏRTAC

Almaniyanın paytaxtı Berlinin şaxtalı hava şəraitində elektrik şəbəkəsinə qarşı törədilmiş hücumun ağır nəticələri ilə üzləşdiyi bir vaxtda Alman Sənaye Federasiyası (BDI) ölkədə kritik infrastrukturun mühafizəsinin yetərli olmadığını bəyan edib.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, BDI-nin baş direktorunun müavini Holqer Löş mövcud şəffaflıq tələblərinin təhlükəsizlik riskləri yaratdığını bildirib.

Onun sözlərinə görə, planlaşdırma və infrastrukturla bağlı həssas məlumatların açıq şəkildə paylaşılması potensial hücumlar üçün zəiflikləri görünən edir və bu, qəbuledilməzdir.

Federasiya Bundestaqda müzakirə olunan kritik infrastrukturun qorunmasına dair qanun layihəsini də tənqid edib. Həmin qanun enerji və su təchizatı, logistika, rabitə, ərzaq sənayesi və səhiyyə kimi cəmiyyət üçün həyati əhəmiyyət daşıyan sahələrin təhlükəsizliyini təmin etməyi nəzərdə tutur.

BDI hesab edir ki, qanun layihəsi real təhlükə səviyyəsinə uyğun deyil və əlavə bürokratik tələblərlə yanaşı, ekspertlərin kifayət qədər cəlb olunmadığı tələsik prosedura əsaslanır. H.Löş enerji, logistika və kommunikasiya sistemlərinə yönəlmiş məqsədli hücumların artıq reallıq olduğunu vurğulayaraq, bu cür hibrid təhdidlərin iqtisadiyyatın əsaslarını və dövlətin fəaliyyət qabiliyyətini hədəfə aldığını bildirib.

Qeyd edək ki, kritik infrastrukturun qorunmasına dair qanun layihəsi ötən ilin sentyabrında Almaniya hökuməti tərəfindən qəbul edilib və hazırda parlamentdə müzakirə mərhələsindədir.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
78
azertag.az

1Mənbələr