Dərmanların keyfiyyəti məsələsi son illər cəmiyyətdə ən çox narahatlıq doğuran mövzulardan biridir.
Xüsusilə şəkərli diabetdən əziyyət çəkən xəstələr arasında istifadə etdikləri dərmanların və insulin preparatlarının təsir gücü, sabitliyi və orqanizmə uyğunluğu ilə bağlı narazılıqlar tez-tez səsləndirilir. Bu isə təkcə fərdi sağlamlıq problemi deyil, eyni zamanda ictimai səhiyyə və dövlət nəzarəti baxımından ciddi yanaşma tələb edən məsələdir.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan Azad İstehlakçılar Birliyidir (AİB) sədri Eyyub Hüseynovun fikrincə, dərman bazarında keyfiyyətə nəzarət mexanizmləri formal yox, real və davamlı olmalıdır:
“Azərbaycanda dərmanların qeydiyyatı və idxalı müəyyən qaydalarla tənzimlənsə də, əsas problem dərman apteklərə daxil olduqdan sonra yaranır. Saxlanma şəraiti, temperatur rejimi, daşınma qaydaları və son istifadə müddətinə əməl olunmaması dərmanın keyfiyyətinə birbaşa təsir göstərir. Xüsusilə insulin və şəkər əleyhinə preparatlar temperatur həssaslığı olan dərmanlardır və onların düzgün saxlanmaması dərmanın təsirini minimuma endirə, hətta tamamilə yararsız hala sala bilər”.
Eyyub Hüseynov bildirib ki, istehlakçılar çox vaxt dərmanın təsir etmədiyini həkim səhvi və ya orqanizmin fərdi xüsusiyyəti ilə əlaqələndirir, lakin problemin kökü bəzən keyfiyyətsiz və ya düzgün saxlanmayan dərmanda olur:
“Bu sahədə üç əsas istiqamətə diqqət yetirilməlidir: apteklərdə mütəmadi və gözlənilməz yoxlamaların aparılması, vətəndaşların şikayətlərinin operativ araşdırılması və dərmanla bağlı ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi”.
Hüseynov həmçinin vurğulayır ki, xəstələr dərman alarkən yalnız qiymətə deyil, istehsalçı ölkəyə, qeydiyyat nömrəsinə və saxlanma şərtlərinə də diqqət yetirməlidirlər.
NOCOMMENT.az-a danışan həkim-endokrinoloq Samirə Nəbiyevanın rəyinə görə isə şəkərli diabet xəstələri üçün dərmanın keyfiyyəti həyatidir və burada “az təsir etdi” anlayışı belə ciddi risk yaradır:
“Diabet dərmanlarının, xüsusilə insulinlərin təsirində ən kiçik dəyişiklik belə xəstədə şəkərin kəskin qalxmasına və ya düşməsinə səbəb ola bilər. Bu isə ürək-damar fəsadları, görmə problemləri və hətta koma riski yaradır”.
Həkimin sözlərinə görə, xəstə uzun müddət eyni dərmanı istifadə edirsə və birdən-birə onun təsirinin azaldığını hiss edirsə, ilk növbədə dərmanın keyfiyyəti və saxlanma şəraiti araşdırılmalıdır:
“Bəzən apteklərdə eyni tərkibli, lakin fərqli istehsalçıya məxsus dərmanlar təklif olunur və xəstə bu dəyişikliyi həkimlə məsləhətləşmədən qəbul edir. Bu isə orqanizmin dərmana reaksiyasını dəyişə bilər. Diabet xəstələri üçün dərman dəyişiklikləri yalnız həkim nəzarəti altında aparılmalı, apteklərdə isə xəstəyə “oxşar dərmandır” prinsipi ilə preparat təqdim edilməməlidir”.