"Mets"in futbolçusu Tahiris Dos Santos İsveçrənin Kran-Montana kurortunda baş verən yanğın zamanı ağır yanıq xəsarətləri alıb.
Publika.az xəbər verir ki, bu barədə onun agenti məlumat verib.
Hadisə zamanı 19 yaşlı Dos Santos alov bürümüş "Le Constellation" barından çıxmağı bacarıb. Lakin sevgilisinin binanın içində qaldığını öyrəndikdən sonra tərəddüd etmədən yenidən içəri qayıdıb. Nəticədə futbolçu bədəninin təxminən 30 faizində yanıq xəsarətləri alıb.
Agent bildirib ki, oyunçunun vəziyyəti ağır olsa da, stabildir. Dos Santosun huşu yerindədir və müstəqil şəkildə nəfəs alır. Həkimlər bunu müsbət əlamət kimi qiymətləndirirlər. Hazırda o, Ştutqart şəhərində yerləşən ixtisaslaşmış yanıq mərkəzində müalicə alır. Futbolçunun sevgilisi də xəstəxanaya yerləşdirilib.
"Mets" klubu və futbolçunun yaxınları onun bərpa prosesində tam dəstək göstərirlər. Qeyd olunur ki, Dos Santosu yalnız fiziki deyil, eyni zamanda psixoloji baxımdan da çətin bərpa mərhələsi gözləyir.