AZ

Bu şəxslərə ŞAD XƏBƏR – Ev verilə bilər!

Valideyn himayəsindən məhrum olmuş şəxslərin məhkumluq həyatı yaşadıqdan sonra cəmiyyətə reinteqrasiyası məsələsi həm sosial, həm də hüquqi baxımdan olduqca həssas və strateji əhəmiyyət daşıyır.

Xüsusilə valideyn dəstəyi, ailə mühiti və maddi dayaq olmadan böyümüş şəxslərin həbsdən sonra yenidən normal həyata qayıtması daha çətin olur və bu da təkrar cinayət riskini artıran əsas amillərdən biridir. Bu baxımdan onların mənzil təminatı və sosial adaptasiyası məsələsi dövlətin sosial siyasətində ayrıca yanaşma tələb edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, valideyn himayəsindən məhrum olmuş şəxslər sosial müdafiəyə ehtiyacı olan xüsusi kateqoriya kimi tanınır. “Uşaq hüquqları haqqında” Qanun, “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi haqqında” normativ aktlar və Mənzil Məcəlləsi bu şəxslərin dövlət tərəfindən mənzillə təmin olunması imkanlarını nəzərdə tutur. Lakin praktikada bu hüquq əsasən həmin şəxslər uşaq evlərindən, internat məktəblərindən və ya alternativ qayğı müəssisələrindən birbaşa müstəqil həyata buraxıldığı zaman tətbiq edilir.

Əgər valideyn himayəsindən məhrum olmuş şəxs sonradan cinayət törədərək azadlıqdan məhrum etmə cəzası alıbsa, mövcud qanunvericilik bu hüququ avtomatik olaraq ləğv etmir, lakin onun icrası faktiki olaraq gecikir və ya mürəkkəbləşir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Malik Qurbanov qeyd edib ki, burada əsas problem ondan ibarətdir ki, hazırkı mexanizmlər məhkumluq faktını sosial hüquqların reallaşmasına maneə kimi qəbul etməsə də, bu kateqoriya üzrə ayrıca, aydın prosedur mövcud deyil:

“Yəni valideyn himayəsindən məhrum olmuş və eyni zamanda məhkumluq həyatı yaşamış şəxslər üçün xüsusi reinteqrasiya modeli qanunvericilikdə ayrıca tənzimlənmir. Bu isə icraedici orqanların subyektiv yanaşmasına, bəzən isə məsuliyyətdən yayınmasına şərait yaradır. Belə şəxslərə həbsdən çıxdıqdan sonra ev verilməsi hüquqi baxımdan mümkündür və bu, Konstitusiyanın sosial dövlət prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsində dövlətin sosial ədalət və sosial müdafiə prinsipinə sadiqliyi təsbit olunur. Eyni zamanda, 43-cü maddə hər kəsin mənzil hüququnu tanıyır və dövlətin aztəminatlı, sosial cəhətdən həssas qruplar üçün bu hüququn həyata keçirilməsinə şərait yaratmalı olduğunu bildirir. Valideyn himayəsindən məhrum olmuş, ailə və maddi dayağı olmayan, üstəlik məhkumluqdan yeni çıxmış şəxs bu baxımdan ən riskli sosial qruplardan biri sayılmalıdır”.

Hüquqşünasın sözlərinə görə bu kateqoriyaya mənzil verilməməsi yalnız humanitar problem deyil, eyni zamanda hüquqi və kriminoloji riskdir:

“Çünki evsiz, işsiz və sosial mühitdən kənarda qalan keçmiş məhkumların cinayətə yenidən meyl etmə ehtimalı xeyli yüksəlir. Bu isə dövlət üçün daha ağır sosial və maliyyə yükü yaradır. Halbuki ilkin mərhələdə onlara müvəqqəti və ya sosial mənzil ayrılması, qeydiyyat ünvanının təmin edilməsi və əmək bazarına çıxış imkanlarının yaradılması uzunmüddətli perspektivdə daha səmərəli nəticə verir. Cəmiyyətə inteqrasiya məsələsinə gəldikdə isə, bu proses təkcə ev verməklə bitmir. Reinteqrasiya kompleks yanaşma tələb edir və burada probasiya xidmətlərinin, sosial xidmət qurumlarının, yerli icra strukturlarının və qeyri-hökumət təşkilatlarının koordinasiyalı fəaliyyəti vacibdir. Həbsdən azad olunan valideyn himayəsindən məhrum şəxslər üçün psixoloji dəstək, peşə hazırlığı kursları, ilkin məşğulluq proqramları və hüquqi maarifləndirmə mexanizmləri tətbiq olunmalıdır. Xüsusilə qeydiyyat problemi həll edilmədən nə məşğulluq, nə tibbi xidmət, nə də sosial yardım mexanizmləri effektiv işləyə bilir”.

Tunar

Seçilən
48
nocomment.az

1Mənbələr