AZ

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə daxil olur – Ekspert rəyi

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan-Çin münasibətləri dinamik inkişaf edən və hər iki tərəf üçün fayda verən əməkdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Bakı-Pekin tərəfdaşlığı uzunmüddətli, etibarlı və qarşılıqlı maraqlara söykənən bir xətdir. 2024-cü ildən etibarən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilən münasibətlər indi konkret layihələrin icrası ilə yeni mərhələyə qədəm qoyur. Ölkələrimiz arasında əmtəə dövriyyəsi həcminin 4 milyard ABŞ dolları məbləğinə çatması əməkdaşlığın artıq iqtisadi nəticələr verdiyini təsdiqləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat, logistika, sənaye və infrastruktur sahələrinə maraq göstərməsi təsadüfi deyil. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm həlqələrindən biridir, həmçinin Orta Dəhliz vasitəsilə Çinlə Avropa arasında strateji tranzit ölkəyə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi perspektivi bu baxımdan Çin üçün xüsusi əhəmiyyət daşıyır.

“Bununla yanaşı, Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əlavə bir məqam da var. Dövlətimizin başçısının hərbi-texniki əməkdaşlıq və müdafiə sənayesi üzrə müştərək müəssisələrin yaradılması barədə dedikləri göstərir ki, Azərbaycan-Çin münasibətləri yalnız ticarət və investisiya çərçivəsi ilə məhdudlaşmır. Müdafiə sənayesi sahəsində birgə istehsal imkanlarının müzakirəsi Azərbaycan üçün texnoloji transfer, Çin üçün isə etibarlı regional tərəfdaş tapıntısı deməkdir. Bu, tərəflər arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu təsdiqləyən mühüm amillərdən biridir”, - deyə M.Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin bu müsahibədə çoxqütblü dünya nizamı, beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı səsləndirdiyi fikirləri Azərbaycanın xarici siyasətində Çin faktoru barədə aydın təsəvvür yaradır. Görünən budur ki, Azərbaycan nə bir güc mərkəzinə qarşıdır, nə də hər hansı bir bloka qoşulmaq siyasətinin tərəfdarıdır. Əksinə, ölkəmiz Qlobal Cənubla Qlobal Şimal arasında balansı qoruyur, Avropa İttifaqı, ABŞ, Çin, Türkiyə, Mərkəzi Asiya dövlətləri ilə paralel və qarşılıqlı faydaya əsaslanan əlaqələr qurmaqla körpü rolunu oynayır. Belə yanaşma təkcə Azərbaycana və Çinə deyil, ümumilikdə beynəlxalq sülh quruculuğuna töhfə verir.

Seçilən
20
azertag.az

1Mənbələr