Bakı, 6 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC
Bura milyonlarla il əvvələ geri dönmək və zaman tunelindən keçib, Mezozoy erasına daxil olmaq istəyənlər üçün çox əlverişli məkandır. Təsadüfi deyil ki, Mezozoy erası tarixdə “Dinozavrlar erası” kimi tanınır. Keçmişə səyahət üçün sehirli xalata, yadplanetlilərin ya da hansısa fövqəltəbii qüvvələrin köməyinə ehtiyac yoxdur. Həmin dövrə elə Bakıda – Bakı Ekspo Mərkəzində də qiyabi şahid olmaq mümkündür. Mərkəzdə fəaliyyət göstərən “Dinopark” nəhənglərin mövcud olduğu möhtəşəm bir eranın qısa icmalıdır, desək, yanılmarıq.
AZƏRTAC-ın müxbirləri bu dəfə təxminən 252 milyon il əvvəldən xəbər vermək üçün Bakı Ekspo Mərkəzinə yollanıblar
Mərkəzdə fəaliyyət göstərən “Dinopark”da 20-dən çox dinozavr növü nümayiş etdirilir. Onlar, əsasən, Mezozoy erasında - Trias, Yura, Təbaşir dövrlərində mövcud olmuş növlərdir. Bununla yanaşı, Paleozoy erasının son geoloji dövrü – Permdə də yaşamış növ olan Dimetrodon dinozavrının da maketi nümayiş etdirilir. “Dinopark”da uzunluğu 1 metrdən 10 metrədək olan müxtəlif dinozavr növlərinə rast gəlmək, hər maketin qarşısında quraşdırılmış lövhə vasitəsilə həmin dinozavr haqqında ətraflı məlumat almaq mümkündür.
Bakıda bundan əvvəl də dinozavrların sərgisi təşkil olunsa da, bu cür nümayişin ilk dəfədir keçirildiyi bildirilib. Burada hər dinozavrın qarşısında quraşdırılmış sensor vasitəsilə onun hərəkətlərini seyr etmək, səsini eşitmək imkanı yaradılıb. Belə ki, maketə ziyarətçi yaxınlaşan kimi sensor bunu “görür” və dinozavr sağa-sola doğru hərəkət etməyə, milyon illər əvvəl olduğu kimi eyni səsi çıxarmağa başlayır.
“Dinopark” həm əyləncə, həm də maarifləndirmə məqsədilə təşkil olunub. Burada ziyarətçilərə müəyyən güzəştlər də edilib. Belə ki, şəhid ailələrinin, məhdudiyyətli şəxslərin və onlara qulluq edənlərin, üç yaşadək uşaqların “Dinopark”a daxil olması ödənişsizdir, qazi və veteranlar, onların ailə üzvlərinə biletin qiymətində 20 faiz endirim olunur. Üç övladı ilə gələn valideynlər də “Dinopark”a müəyyən güzəştlərdən yararlanaq daxil ola bilərlər.
Burada uşaqlar üçün fərqli atraksionlar da quraşdırılıb. Ziyarətçilər, həmçinin bu gündən xatirə qalacaq dinozavr suvenirləri də əldə edə bilərlər.
Qeyd olunub ki, bayram günlərində “Dinopark”ı ziyarət edənlərin sayı kifayət qədər olub. İş günlərində isə saat 18:00-dan sonra gələnlərin sayında artım qeydə alınır.
“Dinopark” yanvarın 21-dək saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.
Bildirilib ki, əgər “Dinopark”a maraq böyük olarsa, yayda şəhərin mərkəzində açıq havada daha çox və fərqli növlərlə sərgi açılması planlaşdırılır.
İş günü olmasına baxmayaraq, valideynləri ilə buraya gəlib, əylənən balacalar da az deyildi. Zala daxil olan azyaşlılar əvvəlcə maketlərə yaxınlaşır, diozavrlara diqqət və təəccüblə tamaşa edirdilər. Maketlərin anidən hərəkətə gəlməsi, müxtəlif səslər çıxarması balacaları gah qorxudurdu, gah da güldürürdü. Onlar arasında qorxub ağlayan, hətta valideynlərinə sığınanlar da var idi. Balacalar arasında sadəcə gözlərini iri açaraq, kirpiklərini belə tərpətmədən dinozavrların hərəkətlərini izləyənlər, sanki onlara meydan oxuyurmuş kimi cəsur duruş sərgiləyənlər də az deyildi.
Əyləncə məkanında isə onların şən səsləri eşidilirdi. Balacalar qaçışır, atılıb-düşürdülər.
Yaxınlaşıb ziyarətçilərlə də həmsöhbət olduq. Onlar bu məkandan nəinki balacaların, hətta özlərinin də zövq aldıqlarını qeyd etdilər, təşkilatçılara minnətdarlıqlarını bildirdilər. Hətta onlardan biri əvvəllər təşkil olunan belə bir sərgiyə övladlarını, indi isə nəvələrini gətirməyin sevincini bizimlə bölüşdü.
Burada qarşımızda milyon illər əvvəlin Yer kürəsi açılır. “Dinopark”dan ayrılandan sonra yenidən XXI əsrə qayıdırsan. Amma artıq bilirsən ki, milyon illər əvvəl Yer kürəsində həyat bir daha geri dönməyəcək şəkildə tam fərqli olub...