AZ

Ultra emal olunmuş qidalarla bağırsaq xərçəngi arasında əlaqə tapılıb - Tədqiqat

Alimlər xəbərdarlıq edirlər ki, ultra emal olunmuş qidalar gənclər arasında kolorektal, yəni yoğun və düz bağırsaq xərçəngi riskinin artmasına səbəb ola bilər. Yeni tədqiqatlar göstərir ki, bu tip qidaların tez-tez qəbulu xərçəngönü dəyişikliklərin yaranma ehtimalını yüksəldir.

E-saglam.az xəbər verir ki, son onilliklərdə qablaşdırılmış qəlyanaltılar, kütləvi istehsal olunan çörəklər, şirinləşdirilmiş səhər yeməyi məhsulları, hazır əriştələr və dondurulmuş pizzalar kimi ultra emal olunmuş qidalar qida rasionunda getdikcə daha çox yer tutur. Paralel olaraq, əvvəllər əsasən yaşlılarda rast gəlinən kolorektal xərçəng halları artıq 50 yaşdan aşağı insanlarda da artmaqdadır və bu xəstəlik çox vaxt gec mərhələdə aşkar olunur.

ABŞ-də aparılan son araşdırma çərçivəsində 29 mindən çox qadının pəhrizi və endoskopiya nəticələri təhlil edilib. İyirmi ildən artıq dövrü əhatə edən məlumatlar göstərib ki, ən çox ultra emal olunmuş qida qəbul edən qadınlarda yoğun və düz bağırsaqda xərçəngə çevrilə bilən poliplərin yaranma riski ən az qəbul edənlərlə müqayisədə 45 faiz daha yüksəkdir.

Araşdırmanın müəlliflərindən biri, Mass General Brigham Xərçəng İnstitutunun qastroenteroloqu Dr. Endryu Çan bildirib ki, risk artımı demək olar ki, xətti xarakter daşıyır. Yəni nə qədər çox ultra emal olunmuş qida qəbul edilirsə, xərçəngönü poliplərin yaranma ehtimalı da bir o qədər yüksəlir. Onun sözlərinə görə, şəkər, duz, doymuş yağ və müxtəlif qatqılarla zəngin bu qidaların azaldılması erkən başlayan kolorektal xərçəng hallarının qarşısını almağa kömək edə bilər.

Tədqiqatda piylənmə və lif azlığı kimi digər risk faktorları da nəzərə alınıb və nəticələr dəyişməyib. JAMA Oncology jurnalında dərc olunan araşdırma ultra emal olunmuş qidaların birbaşa xərçəng yaratdığını sübut etməsə də, pəhrizin bu xəstəliklə əlaqəli risklərdə mühüm rol oynaya biləcəyinə dair ciddi ipucları təqdim edir.

Alimlər vurğulayırlar ki, erkən yaşda kolorektal xərçəngin artmasını izah edən yeganə amil qidalanma deyil. Bu sahədə həm pəhrizlə, həm də pəhrizdən kənar digər mümkün səbəblər üzrə araşdırmalar davam etdirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
29
3
e-saglam.az

4Mənbələr