Faiq Ələkbərli: “Terrorçu elan etdiyi bir şəxsin xatirəsinin İrəvanda bu şəkildə anılması ABŞ-a qətiyyən xoş gəlməz”
İrəvanda İran İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds qanadının komandanı olmuş Qasım Süleymaninin ölümünün ildönümü münasibəti ilə “Qəlblərin generalı” adlı fotosərgi təşkil olunub. Özü də İrəvandakı Azərbaycanın qədim dini-memarlıq abidəsi olan Göy məsciddə. Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi isə Amerikanın ən böyük düşmənlərindən biri olan Q.Süleymaninin xatirə günün onun strateji tərəfdaşı olan Ermənistanda keçirilməsidir. Q.Süleymanini ABŞ terrorçu kimi tanıyıb. Amma bu gün də ABŞ-la Ermənistan strateji baxımdan yaxınlaşır. Amerika ilə yaxınlaşma prosesinin getdiyi bir vaxtda ABŞ-ın terrorçu kimi tanıdığı bir adamın xatirəsinin Ermənistanda belə təmtaraqlı keçirilməsinə şərait yaradılması nə dərəcədə doğrudur və Ermənistan nəyə arxayın olub belə bir addım atıb? Ermənistan Amerikanın hər hansı bir reaksiyasından niyə çəkinməyib?
“...narazılığını Paşinyan hökumətinə çatdıracaq”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, ABŞ və İran arasında münasibətlərin gərgin olması fonunda Ermənistanın belə bir addım atması təəccüblü görsənmir, bu rəsmi İrəvanın ikili oyun oynadığının növbəti əlamətidir. F.Ələkbərli qeyd etdi ki, ABŞ-ın terrorçu kimi tanıdığı Q.Süleymaninin Ermənistanda da “müqəddəsləşdirilməsi” ABŞ-ı narahat etməyə bilməz. “Qasım Süleymani ABŞ-ın pilotsuz təyyarəsi ilə Bağdad aeroportu yaxınlığında həyata keçirilən raket zərbəsi nəticəsində öldürülüb. İrəvanda onun ölümünün 5-ci il dönümü ilə bağlı anım tədbirinin keçirilməsi ABŞ tərəfindən birmənalı qarşılana bilməz. Çünki Ermənistan ABŞ-la münasibətləri dərinləşdirmək istəyirsə belə bir addım atmalı deyildi. Amma göründüyü kimi, Ermənistan nə ABŞ-ın, nə də İrəvanın ətəyini buraxmır, bir-birinə düşmən olan iki dövlətə də özünü dost kimi göstərməyə çalışır. Yəni Ermənistan həm ABŞ-la, həm də İranla münasibətləri inkişaf etdirmək istəyir. Belə rəy yaratmaq istəyir ki, guya müstəqil siyasət yürüdür və iki dövlət arasındakı kəsin münasibətlərə əhəmiyyət vermir. Əslində Ermənistanın bu siyasətinin və davranışının mahiyyətində qeyri-səmimilik vəriyakarlıq dayanır. ABŞ İrəvanın bu davranışına hələ ki, reaksiya verməyib, amma fikrimcə, narazılığını hansısa formada çatdıracaq. Çünki ABŞ-ın düşməni olan və terrorçu elan etdiyi bir şəxsin xatirəsinin İrəvanda bu şəkildə anılması ABŞ-a qətiyyən xoş gəlməz”.
F.Ələkbərli hesab edir ki, ABŞ-ın bölgədə maraqları var və bu maraqlarını Ermənistan vasitəsilə həyata keçirməyi hədəfləyib, bu baxımdan, Q.Süleymani məsələsinə müvəqqəti olaraq göz yumur. “Amma zamanı gələndə ABŞ bu məsələdə öz mövqeyini ortaya qoya bilər. Bunlar çoxtərəfli oyunlardır, müəyyən vaxtlarda bəzi məsələlərə göz yumulur, bəzən də reaksiya verilir. Hesab edirəm ki, ABŞ indi olmasa da müəyyən bir vaxtdan sonra diplomatik kanallar vasitəsilə də olsa narazılığını Paşinyan hökümətinə çatdıracaq”.
F.Ələkbərli bildirdi ki, Q.Süleymaninin ABŞ üçün mahiyyəti bəlli idi. F.Ələkbərli qeyd etdi ki, Q.Süleymaninin ASALA terror təşkilatı ilə əlaqələri barədə mətbuatda vaxtaşırı məlumatlar yayılıb. “Ermənistanın Qasım Süleymaniyə “məhəbbətinin” arxasında bəzi məqamlar dayanır. SEPAH-ın Qüds qanadının komandanı olmuşSüleymani barəsində bəzi faktlar mətbuatdan bizə məlumdur. Süleymaninin erməni terror təşkilatı olan ASALA ilə əlaqələrinin olması, Birinci Qarabağ müharibəsində onun ermənilərə yardım etməsi ilə bağlı məlumatlar var. Terroru dövlət siyasətinə çevirən Ermənistanda ABŞ-ın terrorçu elan etdiyi bir şəxsin xatirəsinin anılması təsadüfi deyil”-deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA