AZ

Koreya və Çin liderləri selfi çəkdirdi

ain.az bildirir, 525.az portalına istinadən.

Çində səfərdə olan Cənubi Koreya Prezidenti Li Ce Myunq bu ölkənin lider Si Cinpinlə görüşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında 90 dəqiqəlik görüş keçirilib.

Görüş zamanı Si Cinpin koreyalı həmkarına "tarixin düzgün tərəfində möhkəm dayanmalı və düzgün strateji seçimlər etməlidir" deyib. İki ölkənin "Yapon militarizmi"nə qarşı ortaq müqavimət tarixinə toxunan Si Cinpin bildirib: “Çin və Cənubi Koreya indi İkinci Dünya müharibəsində qələbənin nəticələrini qorumaq və Şimal-Şərqi Asiyada sülh və sabitliyi təmin etmək üçün əl-ələ verməlidirlər".

Cənubi Koreya lideri isə vurğulayıb ki, səfəri iki ölkə münasibətlərinin tam bərpası üçün çox vacib fürsətdir: “Biz Cənubi Koreya-Çin münasibətlərinin inkişafında yeni bir mərhələyə başlamaq istəyirik".

Görüşdən sonra Li çinli həmkarının ötən ilin noyabr ayında Cənubi Koreyaya səfəri zamanı ona hədiyyə etdiyi “Xiaomi” smartfonu ilə selfi çəkdirib.

Sosial media hesabında fotonu paylaşan Li yazıb: "Şəkil keyfiyyəti, şübhəsiz ki, yaxşıdır, elə deyilmi? Si Cinpin və həyat yoldaşı ilə Gyeongjuda hədiyyə olaraq aldığım “Xiaomi” telefonu ilə çəkdirdiyim selfi. Onların sayəsində həyatımın şəklini çəkdim. Gələcəkdə daha tez-tez ünsiyyət quracağıq və daha çox əməkdaşlıq edəcəyik".

Linin səfəri 2019-cu ildən bəri Cənubi Koreya liderinin Çinə ilk səfəridir. İki ölkə arasında münasibətlər Çinə qarşı çox tənqidi mövqe tutan keçmiş Cənubi Koreya dövlət başçısı Yun Suk Yeolun prezidentliyi dövründə pisləşib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
525.az

1Mənbələr