525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 2026-cı ilin ilk premyerası “Neft bumu hamıya gülümsəyir” adlı tamaşa ilə baş tutacaq.
Teatrın mətbuat katibi Samirə Əşrəf 525.az-a açıqlamasında qeyd edib ki, səhnə əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 iliyi münasibəti ilə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hazırlanıb. Tamaşada teatrın görkəmli aktyorları iştirak edirlər.
S.Əşrəfin sözlərinə görə ikinci premyera Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan “Hacı Qara” tamaşası olacaq:
“Növbəti tamaşamız Qoqolun “Evlənmə” əsəri əsasında Elşad Rəhimzadənin quruluş verdiyi “Evlənmə” tamaşası olacaq. Yaxın zamanlarda bu tamaşanın da məşqlərinə başlanılacaq.
Bunlarla yanaşı, teatrımızın repertuarında hər zaman olduğu kimi, bu il də uşaq tamaşalarına geniş yer veriləcək. Şadıq ki, məktəbli dostlarımızın bu tamaşalara marağı çox böyükdür.
Həmçinin, yeni bir tamaşa da gözlənilir ki, onun haqqında geniş məlumat vermək istəmirəm. Sadəcə deyim ki, Bakı milyonçusu Murtuza Muxtarovun həyatından bəhs edən “Muxtarov” adlı əsərin sifarişi verilib. Yaxın gələcəkdə tamaşaçılarımız bu əsərlə bağlı xəbərləri də eşidəcək və teatrımızın səhnəsində izləmək şansı qazanacaqlar. İnanırıq ki, bu əsərlə də Teatrımız mədəniyyət aləmində müsbət mənada səs salmağı bacaracaq”, - deyə mətbuat katibi əlavə edib.
Şahanə Müşfiq
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.