AZ

Həm ''Qalatasaray'', həm də Osimhenli Nigeriya 4 qol vurdu

Türkiyə superkubokunda ilk finalçı bəlli oldu. Yeni formatla - 4 komandanın iştirakı ilə keçirilən turnirin ilk yarımfinalında ''Qalatasaray'' ilə ''Trabzonspor'' üz-üzə gəldi.

"Football-plus.az" xəbər verir ki, Qaziantepdə keçirilən qarşılaşma əvvəldən sona qədər İstanbul nəhənginin üstünlüyü ilə keçdi.

Maraqlıdı ki, bu mövsüm ''Cim-Bom'' superliqa çərçivəsində bu rəqibi öz meydanında məğlub edə bilməmişdi (0:0). Amma bu dəfə ''sarı-qırmızılar'' rəqibi darmadağın etdilər. Özü də Viktor Osimhensiz. Okan Burukun komandası Barış Alpər Yılmaz ilə Ərən Elmalının qolları sayəsində fasiləyə iki topluq üstünlüklə yollandı.

İkinci hissənin əvvəllərində Felipe Auqusto qollardan birinin əvəzini çıxsa da, Fatih Təkkənin kollektivi bunun davamını gətirə bilmədi. Yunus Akgün və Mauro İkardinin qolları ilə hesab darmadağın həddinə çatdı və ''Qalatasaray'' 4:1-lik inamlı qələbə ilə adını finala yazdırdı. ''Trabzonspor''un İstanbul nəhənglərinə qarşı qələbəsiz seriyası artıq 15 rəsmi oyuna yüksəldi (3 heç-heçə, 12 məğlubiyyət)!

Demək olar, bu oyunla paralel Osimhenin şərəfini qoruduğu Nigeriya yığması da öz oyununu keçirdi. Bu komanda Afrika Millətlər Kubokunun 1/8 finalında Mozambik ilə qarşılaşdı. Osimhenin dubl etdiyi qarşılaşmada Nigeriya da ''Qalatasaray'' kimi 4 qol vuraraq (4:0) rahat şəkildə adını növbəti mərhələyə yazdırdı.

Qeyd edək ki, Türkiyə superkubokunda ''Qalatasaray''ın rəqibi bu gün ''Fənərbaxça'' ilə ''Samsunspor'' arasında oynanılacaq digər yarımfinalda bəlli olacaq. Nigeriyanın 1/4 finaldakı rəqibi isə bu gün keçiriləcək Əlcəzair - Konqo DR matçında bilinəcək.

Seçilən
51
1
football-plus.az

2Mənbələr