Kansler hökumətinin əsas prioritetinin iqtisadi artımın bərpası olacağını vurğulayıb...
Almaniya kansleri Fridrix Merts parlament üzvlərinə ünvanladığı məktubda ölkə iqtisadiyyatının bir sıra sektorlarının dərin böhran vəziyyətində olduğunu etiraf edib və bu il hökumətin əsas prioritetinin iqtisadi artımın bərpası olacağını qeyd edib.
Poliqon xəbər verir ki, bu barədə məktubun məzmunu ilə tanış olan Bloomberg Agentliyi məlumat yayıb.
Merts konkret olaraq hansı sahələri nəzərdə tutduğunu açıqlamasa da, analitiklər bildirirlər ki, Almaniyanın avtomobil sənayesində yaşanan problemlər ümumi iqtisadi vəziyyətə ciddi təsir göstərir. Xüsusilə Çin bazarında satışların azalması Almaniyanın aparıcı avtomobil istehsalçılarını çətin vəziyyətə salıb və bu tendensiya ölkə iqtisadiyyatının digər sahələrinə də sirayət edib.
Kansler məktubunda vurğulayıb ki, qarşıdakı dövrdə fundamental dəyişikliklər zəruridir.
“Buna görə də 2026-cı ildə biz biznes mühitinin köklü şəkildə yaxşılaşdırılması üçün düzgün siyasi və hüquqi qərarların qəbuluna diqqət yetirməli olacağıq”, deyə Merts yazıb.
Kansler həmçinin etiraf edib ki, hökuməti fəaliyyətinin ilk səkkiz ayı ərzində Almaniyanın iqtisadi rəqabət qabiliyyətinin artırılması istiqamətində yetərincə addımlar ata bilməyib. Bu açıqlama iqtisadi dairələrdə və siyasi müxalifətdə geniş müzakirələrə səbəb olub.
Bloomberg qeyd edir ki, müxtəlif islahatlara və yüz milyardlarla avro dəyərində, borc hesabına maliyyələşdirilən infrastruktur fondunun işə salınmasına baxmayaraq, Almaniya iqtisadiyyatı hələ də zəif göstəricilər nümayiş etdirir. Mütəxəssislərin fikrincə, struktur problemlər, qlobal bazarlardakı qeyri-müəyyənlik və sənaye sektorunda rəqabətin artması ölkənin iqtisadi dirçəlişini ləngidən əsas amillər sırasındadır.
Poliqon.info