AZ

Taleh Yəhyayev: Süni intellekt musiqi sənayesinə rahatlıqla yanaşı yeni risklər də gətirir

Bakı, 6 yanvar, Günel Alıyeva, AZƏRTAC

Süni intellekt musiqi sənayesinə getdikcə daha fəal şəkildə daxil olur və rahatlıqla yanaşı yeni risklər də gətirir. Süni intellekti musiqi alətləri ilə eyniləşdirmək olmaz: alət canlı ifa üçün yaradılıb və təbii, özünəməxsus həqiqi səsi ilə səslənməlidir. Süni intellekt isə əksinə, kompüter proqramları vasitəsilə formalaşdırılan və idarə olunan texnoloji bir prosesdir. Məhz buna görə də bu gün əsas sual daha kəskin səslənir: musiqidə süni intellekt - köməkdir, yoxsa təhdid?

Tanınmış opera ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Taleh Yəhyayev bu barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

O, baş verənləri sənət üçün ciddi bir çağırış kimi dəyərləndirdiyini bildirib.

“Mənim fikrimcə, bu, çox ciddi problemdir, hətta musiqi üçün demək olar ki, bir faciədir. Çünki artıq musiqidən anlayışı olan da, olmayan da kompüter proqramlarını öyrənib musiqi “bəstələməyə” başlaya bilir. Necə ki, “Photoshop”la görüntünü dəyişirlər, eləcə də burada müxtəlif proqramlar vasitəsilə musiqinin tonallığını, səslənməni və digər parametrləri müəyyənləşdirirlər. Nəticədə musiqi savadı, not bilikləri, ifa mədəniyyəti və məktəb ikinci plana keçir - elə bir təsəvvür yaranır ki, süni intellekt hər şeyi insanın yerinə həll edir”, - deyə o vurğulayıb.

Canlı alətlərin və canlı ifanın proqramlaşdırılmış səslərlə əvəzlənməsindən danışan solist daha bir narahatedici tendensiyaya diqqət çəkib: Bu cür yanaşma ifaçının səsinin dəyərini artırmır, əksinə, canlı ifanı tədricən sıxışdırır və həqiqi musiqiyə marağı azaldır: “Təəssüf ki, bu gün musiqi dünyamız onsuz da asan dövr yaşamır bəzi məqamlarda eniş, hətta uçurum həddi hiss olunur. Musiqiyə həqiqi mənada xidmət edən peşəkar musiqiçilərin sayı getdikcə azalır”.

Taleh Yəhyayevin sözlərinə görə, süni intellektlə hazırlanan mahnılar, süni səslər və kompozisiyalar bu təsiri daha da gücləndirəcək. O qeyd edib ki, çox vaxt güclü vokalçılar kölgədə qalır, daha çox tələbat isə sadələşdirilmiş təqdimata və süni şəkildə qurulmuş səslənməyə malik layihələrə verilir: “Studiyalarda səsə müxtəlif elektron effektlər əlavə olunur və məhz bu cür məhsullar daha geniş yayılır”.

Süni intellekt səs texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə ifaçının fərdi “imzasını” necə qorumaq barədə suala cavab verən solist vurğulayıb ki, səsi proqram yaradırsa, artıq imzadan söhbət gedə bilməz: “İfaçı öz tembri, üslubu, təqdimatı, səs mədəniyyəti və səhnə təcrübəsi ilə seçilir. Proqramın yaratdığı səslər isə mahiyyət etibarilə imzasız səslərdir. Buna görə də belə səsləri bədii cəhətdən zəifdir”.

Gənc ifaçılara tövsiyəsində Taleh Yəhyayev vurğulayıb ki, ən doğru yol klassik məktəbi daha da möhkəmləndirmək və işi canlı şəkildə ərsəyə gətirməkdir. Bəstəkar musiqini canlı yazmalı, ifaçılar canlı ifa etməli, ansambl və orkestr canlı səslənməlidir. O, “asan yol”un cazibəsinə aldanmağın təhlükəli olduğunu qeyd edərək gənclərə hər şeyə real, peşəkar və məsuliyyətlə yaratmağı tövsiyə edib.

Sənətçi bu fikri bir nümunə ilə də əsaslandırır: həkim öz işini robotla deyil, canlı şəkildə – ağıl, savad və məsuliyyətlə icra edir. Əgər hər bir peşə və hər bir sənət sahəsi tamamilə onlayn rejimə və robotlaşdırılmış, süni intellekt tərəfindən idarə olunan formaya keçərsə, bu, ciddi fəsadlar yarada bilər.

 

 

 

Seçilən
102
azertag.az

1Mənbələr