AZ

Təranə Yusifova: Cahangir Cahangirov adına Xor 90 illik yubileyinə hazırlaşır

Bakı, 6 yanvar, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycanda xor sənətinin yaranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə sıx bağlıdır. Hazırda Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə məhz Üzeyir bəy tərəfindən yaradılıb. Kollektivə ilk dövrlərdə bəstəkarın özü rəhbərlik edib, sonradan isə xorun bədii rəhbərliyi gənc bəstəkar Cahangir Cahangirova həvalə olunub. Üzeyir Hacıbəyli Azərbaycan xalq mahnılarını xor üçün işləyərək bu ənənəni gənc bəstəkarlara da davam etdirməyi tövsiyə edib. Uzun illər Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivi kimi fəaliyyət göstərən xorun sənət yolunda Xalq artisti Ramiz Mustafayevin də böyük xidmətləri var. O, 1950-ci illərdən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.

2023-cü ildən etibarən xorda müşahidə olunan durğunluğun aradan qaldırılması və fəaliyyətin yenidən canlandırılması istiqamətində ardıcıl işlərə başlanılıb. Hazırda kollektiv mütəmadi olaraq konsert proqramları ilə çıxış edir: hər ay ən azı bir, bəzən isə iki-üç solo konsert təqdim olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cahangir Cahangirov adına Xorun bədii rəhbəri Təranə Yusifova bildirib.

O qeyd edib ki, bu il kollektiv üçün xüsusi əhəmiyyət daşıyır: “2026-cı ildə Cahangir Cahangirov adına Xorun yaradılmasının 90 illiyi tamam olacaq. Eyni zamanda, bu il Xalq artisti Ramiz Mustafayevin anadan olmasının 100 illiyi, Cahangir Cahangirovun isə 105 illiyi qeyd ediləcək. Maraqlıdır ki, bu yubileylərin hamısı xorun yubiley ili ilə üst-üstə düşür. Bundan əlavə, Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə silsilə tədbirlər həyata keçirilib. Bəstəkarın yaradıcılığına həsr olunmuş 7 solo konsert təqdim edilib, Şəkidə keçirilən “İpək yolu” festivalında isə məhz Üzeyir bəyin əsərləri səsləndirilib. Yaxın planlara əsasən, yanvarın 16-da bəstəkar mahnılarından ibarət xüsusi konsert proqramı təqdim olunacaq. Ümumilikdə isə hər dəfə fərqli mövzulu və yeni ideyalı proqramlar hazırlanır. Kollektivin yenilikçi layihələrindən biri də “Leyli və Məcnun” əsərinin pantomima və xor sintezi formatında təqdim edilməsidir. Bu layihədə xor təkcə ifa etmir, eyni zamanda bütöv süjet xəttini musiqi dili ilə səhnədə danışır. Qeyri-ənənəvi təqdimat tamaşaçıların böyük marağına səbəb olub”.

Onun sözlərinə görə, xorun əsas məqsədlərindən biri bu sənəti daha geniş auditoriyaya sevdirmək, eyni zamanda 90 illik yubiley ilində müxtəlif ölkələrdə çıxış edərək Azərbaycanı layiqincə təmsil etməkdir. Kollektivin repertuarı kifayət qədər zəngindir: klassik əsərlər, estrada musiqisi, mahnılar, eləcə də müxtəlif xarici müəlliflərin əsərləri proqramlarda yer alır.

Təranə Yusifova bu sahəyə gəlişinin müəyyən mənada təsadüflə bağlı olduğunu da diqqətə çatdırıb: “Musiqi təhsili dövründə nəzəriyyəçi kimi çalışmaq istəyi daha güclü idi. Lakin müəllimlərimin yönləndirməsi xor sənətinə daha yaxından bağlanmağıma səbəb oldu. 2000-ci illərdə Milli Konservatoriyada balabançılardan ibarət ansambl yaratdım və bu çıxışlar musiqi ictimaiyyətində uğurlu oldu. Xorla işləməyin əsas üstünlüklərindən biri insan səsinin tükənməz imkanlarıdır. Alətsiz ifada belə dolğun musiqi dünyası yaratmaq mümkündür. Digər mühüm məqam isə bir çox əsərlərin xor üçün xüsusi işlənməsi, aranjeman edilməsi imkanının olmasıdır. Bunu isə özüm edirəm. Bu da repertuarın daha rəngarəng və fərqli təqdimatına şərait yaradır”.

Bədii rəhbər əlavə edib ki, 2026-cı ildə keçiriləcək bütün konsertlər 90 illik yubiley çərçivəsində təqdim olunacaq. Eyni zamanda Ramiz Mustafayevin 100 illiyi və Cahangir Cahangirovun 105 illiyi ilə bağlı ayrıca proqramların hazırlanması da nəzərdə tutulur. Yubiley ilində daha böyük miqyaslı layihələrin həyata keçirilməsi, Cahangir Cahangirov adına Xorun daha çox tanınması və kollektivin beynəlxalq arenada daha fəal şəkildə çıxış etməsi əsas hədəflər sırasındadır.

 

Seçilən
74
azertag.az

1Mənbələr