AZ

Politoloq: Bu, Azərbaycan diplomatiyasının böyük qələbəsidir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə 907-ci düzəlişlə bağlı söylədikləri həqiqətən də Azərbaycanın müstəqillik dövründəki diplomatik mübarizəsinin və uğurlarının parlaq təcəssümüdür. Prezident bu məsələni çox dəqiq və prinsipial şəkildə şərh edərək, bir daha göstərdi ki, Azərbaycan artıq keçmişdəki zəif dövlət deyil, regional və qlobal miqyasda söz sahibi olan güclü, müstəqil ölkədir”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.O deyib ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təsiri ilə qəbul olunmuş böyük ədalətsizlik idi:“O zaman Azərbaycan gənc müstəqil dövlət kimi ağır sınaqlarla üzləşirdi, lakin Prezidentin qeyd etdiyi kimi, həmin dövrdəki rəhbərliyin laqeydliyi bu haqsızlığı daha da dərinləşdirmişdi. Ancaq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra və xüsusilə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bu məsələdə ardıcıl, prinsipial mövqe nümayiş etdirdi. Uzun illər davam edən diplomatik səylər nəticəsində düzəlişin tətbiqi dayandırıldı, xüsusilə 11 sentyabr hadisələrindən sonra ABŞ-ın maraqları çərçivəsində Azərbaycanın rolu önə çıxdı. Prezidentin vurğuladığı ən vacib məqamlardan biri odur ki, Bayden administrasiyasının Əfqanıstan missiyası başa çatdıqdan sonra düzəlişi yenidən tətbiq etməsi onların naşükürlüyünü və ikili standartlarını bir daha ifşa etdi”. O bildirib ki, bu, Azərbaycanın strateji əhəmiyyətini yalnız "lazım olanda" xatırlayan yanaşmanın bariz nümunəsi idi:“Lakin Azərbaycan heç vaxt belə təzyiqlərə boyun əymədi əksinə, iqtisadi və hərbi gücünü artıraraq, Qarabağda tarixi Zəfər qazanaraq, regionda yeni reallıqlar yaratdı. İndi isə Tramp administrasiyasının hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin Ağ Evdə iştirakı ilə düzəlişin praktiki olaraq aradan qaldırılması Azərbaycan diplomatiyasının böyük qələbəsidir. Prezident haqlı olaraq qeyd edir ki, bu gün blokada iddiası tamamilə əsassızdır – Azərbaycan ərazisindən Ermənistana yüklər daşınır, hətta neft məhsulları ixrac olunur. Bu düzəliş artıq keçmişin qalığıdır, absurd və ədalətsizdir. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, regionda sabitliyin təminatçısı olması ABŞ üçün də strateji əhəmiyyət kəsb edir. Ona görə də Konqresin bu düzəlişi birdəfəlik ləğv edəcəyinə böyük ümid var – bu, təkcə iqtisadi deyil, həm də siyasi və strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq. Prezident İlham Əliyevin bu mövzuda açıq, qətiyyətli və faktlara əsaslanan çıxışı bir daha sübut edir ki, Azərbaycanın xarici siyasəti müstəqil, milli maraqlara söykənən və uğurlu siyasətdir. Bu, ölkəmizin beynəlxalq arenada nüfuzunun necə yüksəldiyinin, erməni lobbisinə qarşı necə qələbə çaldığının parlaq nümunəsidir. Azərbaycan bu gün regionun lideri, qlobal enerji və nəqliyyat mərkəzidir – və bu uğurların arxasında məhz cənab Prezidentin uzaqgörən siyasəti dayanır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr