Məlum olduğu kimi, yanvarın 1-dən qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Bir çox abonentlər istiliksiz qalıb ki, bu da böyük problemlərə səbəb olub.
Bəs hansı hallarda abonent kompensasiya tələb edə bilər?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Süleymanovanın sözlərinə görə, abonentin kompensasiya tələbi əsaslı olmalıdır: “Borc olmadığı halda qazın verilişinin dayandırılması, texniki və ya inzibati səhvlər nəticəsində uzunmüddətli və xəbərdarlıq edilmədən qazın bir neçə gün və ya aylarla kəsilməsi, sayğacın düzgün işləməməsi, faktiki sərfiyyatdan artıq ödənişin hesablanması (məsələn, abonentin təqsiri olmadan qaz sızması nəticəsində), habelə yanlış borcun müəyyən edilməsi hallarında abonentin məhkəməyə və digər instansiyalara müraciət etməsi ilə bağlı çəkdiyi xərclər üzrə kompensasiya tələb etmək hüququ vardır”.
Hüquqşünas bildirib ki, bir sıra hallarda abonent kompensasiya tələb etsə də təmin edilmir: “Əgər təmir işləri gedir və bununla bağlı öncədən xəbərdarlıq edilibsə, fövqaladə hal səbəbindən qazın verilməsi dayanarsa kompensasiya tələbi təmin edilmir. Bəzən mənzilin daxili qaz sistemində yaranan problemlər abonentin öz məsuliyyətsizliyi nəticəsində baş verir. Abonent texniki baxış zamanı və ya təhlükəli vəziyyətlə bağlı edilmiş xəbərdarlıqlara baxmayaraq qazdan istifadəyə davam edərsə və nəticədə partlayış, sağlamlığa zərər vurulması və ya digər fəsadlar baş verərsə, bu hallarda abonentin təqsiri sübuta yetirildiyi halda kompensasiya tələb etmək olsa da təmin olunmur”.
A.Süleymanova qeyd edib ki, bunun üçün ilk olaraq “Azəriqaz”a yazılı müraciət edilir: “Daha sonra faktiki olaraq zəruri sübutlar, sənədlər, aktlar, qəbzlər və s. toplanılır. Ardınca məhkəməyə müraciət edilir. Sübut və faktlar olduğu təqdirdə artıq məhkəməyə müraciət edərək vətəndaş kompensasiyanı tələb edə bilər. Vətəndaşlar tərəfindən gələn müraciətlərin əksəriyyəti borcların silinməsi ilə bağlı olur. Əgər faktiki qaz sərfiyyatı real istifadədən artıq hesablanıbsa və abonent həmin yaşayış sahəsində uzun müddət yaşamayıb, qazdan istifadə etməyib, buna baxmayaraq yüksək borc yaranıbsa, məhkəməyə müraciət edib borcun silinməsini tələb edə bilər”.
Şəhanə Quliyeva