Prezident İlham Əliyev hər ilin ilk günlərində yerli televiziya kanallarına böyük müsahibə verməklə həm Azərbaycanın yaxın dövr üçün sosial-iqtisadi "yol xəritəsi"ni təqdim edir, həm də beynəlxalq proseslərdəki yerimizi və rolumuzu əyani göstərir. Dövlətimizin başçısının budəfəki geniş müsahibəsi də Azərbaycanın postmüharibə dövründəki addımları və hədəfləri barədə aydın təsəvvür yaradan olduqca dolğun, dərin məzmunlu açıqlamalarla zəngindir. Bu müsahibə ölkəmizin təqdimatında - qlobal xaos və geosiyasi təlatümlər dövründə regionda və dünyada dialoq və sülhə necə yol açmağın, sabitliyi necə qorumağın düsturlarını, həllərini ortaya qoyur. Bu mənada Azərbaycan Prezidentinin böyük müsahibəsi təkcə ölkəmiz üçün yox, bütövlükdə dünya birliyi üçün strateji hədəflər manifestidir.
Müsahibədə toxunulan bir çox mühüm məqamlardan bəzilərinin üzərində ayrıca olaraq dayanmaq istərdim. Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması məsələsinə toxunan dövlətimizin başçısı, bu baxımdan keçən ilin tarixi il sayıla biləcəyini vurğuladı. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Müsahibənin bu məqamında Cənab Prezident olduqca maraqlı bir fikir səsləndirdi, “sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”, - deyərək Azərbaycanın sülh səylərində səmimi mövqeyini bir daha nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında əldə etdiyimiz parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində - Ağ Evdə siyasi möhür vurulduğunu bildirən Prezident İlham Əliyev bundan sonra Azərbaycan xalqının sülh şəraitində yaşayacağını əminliklə bəyan etdi: “Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı Birgə Bəyannamənin imzalanması və sülh sazişinin mətninin paraflanması həm ölkəmizin yaratdığı yeni reallıqların beynəlxalq müstəvidə qəbulunun növbəti təsdiqi oldu, həm də "Qarabağ məsələsi"nin artıq qapandığını və beynəlxalq gündəlikdən tamamilə silindiyini açıq şəkildə nümayiş etdirdi. Bu razılaşmaların məntiqi davamı olaraq Zəngəzur dəhlizinin (TRİPP marşrutu) açılması da yaxın gələcəkdə gerçəkliyə çevriləcək. Cənab Prezident sözügedən müsahibəsində Zəngəzur dəhlizinin açılacağına əminliyini bir daha açıq şəkildə bəyan etdi.
Yeri gəlmişkən, qlobal nəqliyyat-tranzit qovşağı kimi ölkəmizin imkanlarını daha da genişləndirəcək Zəngəzur dəhlizinin açılması üçün hazırda Azərbaycan öz vəsaiti ilə həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi işlərini sürətlə davam etdirir. Belə ki, avtomobil yolunun artıq 95 faizi faizdir. Dəmir yolunun mövcud hazırlığı isə 75-80 faiz civarındadır. Başqa sözlə desək, bu gün bizim ərazimizdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün artıq heç bir ciddi problem qalmayıb. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün maksimum aktivlik və işgüzarlıq nümayiş etdirməklə bir daha özünü imzaladığı anlaşmalara sadiq tərəf, etibarlı tərəfdaş kimi, bütün dövlətlərə qarşılıqlı faydalı əməkdaşlıq təklif edən və bütün platformalarda sülh carçısı kimi çıxış edən bir ölkə kimi təsdiqləyib.
2025-ci ilin Azərbaycan-ABŞ münasibətləri kontekstində də tarixi il sayıla biləcəyini vurğulayan Azərbaycan Prezidenti Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin uzun müddət ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini, lakin hazırda isə artıq bu məhdudiyyətlərin aradan qaldırıldığını diqqətə çatdırdı: “Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.
Prezident İlham Əliyev vaxtilə Co Baydenin 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərdiyini, lakin Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə bu istiqamətdə vəziyyətin tamamilə dəyişdiyini və hazırda Amerika-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxdığını bildirdi. O, özünün də iştirakı ilə Ağ Evdə keçirilən mərasimdə Prezident Donald Trampın 907-ci düzəlişə son qoymasının böyük rəmzi məna daşıdığını ifadə edərək bildirdi ki, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə də Respublikaçılar partiyasından olan konqresmenləri inandıra biləcək ki, bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəliş aradan qaldırılmalıdır.
Bu qərarın qəbul edilməsi üçün artıq siyasi zəmin də hazırlanmaqdadır. Belə ki, ötən ilin dekabr ayında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini Konqresə təqdim edib. 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş həmin qanun layihəsinin mətni artıq ABŞ Konqresinin saytında da yerləşdirilib. Bu da onu göstərir ki, Ağ Evin hazırkı administrasiyası tərəfindən bu istiqamətdə siyasi qərar artıq verilib. Biz ABŞ dövlətinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində tezliklə əməli addımlar atacağına da ümid edirik.
Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 4-də ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətini qəbul edərkən də 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını bildirdi və Prezident Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğuladı. Bu baxımdan hesab edirik ki, ədalətsizliyin simvoluna çevrilən “Azadlığın Müdafiə Aktı”na 907-ci düzəlişin tam ləğv ediləcəyi gün elə də uzaqda deyil.
Azərbaycan Prezidentinin 5 yanvar müsahibəsində diqqət mərkəzinə çıxardığı əsas məqamlardan biri də budur ki, bu gün artıq dünyada beynəlxalq hüquq nizamı işləmir və çox təəssüf ki, Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi 27 il ərzində kağız üzərində qalıb. Dövlətimizin başçısı vurğuladı ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. Müsahibənin bu yerində acı həqiqəti bütün dünya birliyinin diqqətinə çatdıran Azərbaycan Prezidenti olduqca maraqlı bir ifadə səsləndirdi və tövsiyə verdi: “Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”.
Eyni zamanda, Cənab Prezident qeyd etdi ki, hazırda dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir. Çünki bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur, yalnız güc anlayışı var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Ona görə də Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdəki Zirvə Görüşündə təşkilata üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini xatırladan dövlətimizin başçısı bu gün türk dövlətlərinin böyük bir hərbi güc formalaşdıra biləcəyini diqqətə çatdırdı: “Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.
Bu gün türk dövlətləri arasında Türkiyə və Azərbaycanın hərbi gücü ən yüksək səviyyədədir. Mərkəzi Asiyanın türk dövlətlərinin Bakı və Ankara ilə hərbi əməkdaşlığı genişləndirməsi onların təhlükəsizliyi üçün ən etibarlı zəmanət ola bilər. Bu dövlətlərin bizimlə birgə hərbi təlimlərə qoşulması Cənubi Qafqaz və Mərkəzi Asiya üçün tamamilə yeni reallıqların yaranmasına gətirib çıxaracaq və bütün Türk dünyasının təhlükəsizliyini təmin edəcək. Prezident İlham Əliyevin 5 yanvar müsahibəsində birgə hərbi təlimlər məsələni yenidən gündəmə gətirməsi türk dövlət başçıları üçün olduqca önəmli mesajdır.
Bəli, gələcək təhlükələri önləmək üçün bu gün birlikdə addım atmağımıza, "Türk NATO-su"nu yaratmağımıza həqiqətən də çox ciddi ehtiyac var. Çünki indi beynəlxalq hüququn yox, yalnız hərbi və iqtisadi gücün diktəsi keçərlidir. Cənab Prezident də məhz bu reallığı nəzərdə tutaraq bildirdi ki, postmüharibə dövründəki son beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq. Şanlı Zəfərə imza atmağımız, Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməyimiz və beynəlxalq hüququn təmin edilməsinə nail olmağımız məhz hərbi gücümüzün sayəsində mümkün olub. Ona görə də Azərbaycanın hərbi gücə xüsusi önəm verməsi TDT üzvlərinin gələcək qərarları üçün də olduqca əhəmiyyətlidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri