AZ

"Gənc cütlük mütləq şəkildə valideynlərdən ayrı yaşamalıdır" - Psixoloq

Evləndikdən sonra gənc cütlüklərin valideynlərlə birgə yaşayıb-yaşamaması həmişə müzakirə olunan məsələlərdən biridir. Bəzən cütlüklərə valideynlərlə birgə yaşamaq hansısa çətinliklər yaradırsa, bəzən də əksinə, birgə yaşamaq onların həyatına müsbət təsir edir. 

Redaktor.az-a danışan klinik psixoloq Gülşən Rüstəmova bildirdi ki, ailələr övlad yetişdirərkən onların zehninə müəyyən informasiyaları “lövbər” kimi yerləşdirir:

"Bunu bəzən şüurlu şəkildə, bəzən isə fərqinə varmadan edirik. Elə uşaqlar var ki, onların şüurunda mütləq olaraq belə bir düşüncə formalaşır: “Mən valideynimin yanında olmalıyam, mən valideynimin bir hissəsiyəm, mən valideynimlə bir yerdə yaşamalı və ona uyğunlaşmalıyam”. Belə bir düşüncə ilə böyüyən uşaq, evləndikdən sonra ayrı yaşasa belə, müstəqil şəkildə formalaşa bilmir. Bu vəziyyəti üzməyi bacarmayan bir insanı birdən-birə suyun ortasına atıb “üz, sən azadsan” deməyə bənzətmək olar. Məhz buna görə də bu proses mütləq planlı şəkildə həyata keçirilməlidir. Valideyn əvvəlcədən dərk etməlidir ki, ailə həyatı quran övladına elə şərait yaratmalıdır ki, o, ailə qurmağın nə demək olduğunu özü hiss etsin. Həm məsuliyyətini, həm mahiyyətini, həm də zövqünü. Bu səbəbdən də ilk növbədə övlada körpəlikdən müstəqil qərar vermək üçün şərait yaradılmalıdır. Bu, çoxpilləli və çoxmərhələli bir prosesdir və iki günün içində həll olunası mövzu deyil".

Psixoloq qeyd etdi ki, valideyn də övladını sərbəst buraxmağa psixoloji cəhətdən hazır olmalıdır.

"Valideyin övladı böyüyəcək və bir gün müstəqil həyata qədəm qoyacaq fikrini daim ağlında saxlamalıdır. Əgər valideyn buna hazır deyilsə, pafosla “mənim uşağım evlənəndə ayrı yaşayacaq” deməklə heç bir real nəticə əldə etmək mümkün olmayacaq. Ümumilikdə isə məsələyə psixoloji yanaşsaq və protokol baxımından dəyərləndirsək, iki variant arasında daha effektiv olan yol aydındır: gənc cütlük mütləq şəkildə ayrı məişətə sahib olmalıdır. Çünki onlar fərqli ailələrdən gəlirlər, hər birinin öz düşüncə tərzi, informasiyası və həyat yükü var. Onlar hələ bir-birinə uyğunlaşmamışkən, əlavə olaraq bir ailənin qaydalarına, valideynlərinə, qohum-əqrəbasına uyğunlaşmaq məcburiyyəti ilə üz-üzə qalırlar. Bu, insandan sanki bütün əvvəlki həyatını silib qısa müddətdə möhtəşəm şəkildə yeni bir mühitə uyğunlaşmasını tələb etmək kimidir. Belə bir yanaşma nə realdır, nə də adekvatdır".

Müsahibimizin sözlərinə görə, biz ortaq həyat qurmağa başlayan gənclərə dəstək olmaq istəyiriksə, onların həyatına müdaxilə etmək yox, sadəcə yanlarında olduğumuzu hiss etdirməliyik.

"Onlara “mən hər zaman sənin yanındayam, ehtiyacın olarsa, mənə müraciət edə bilərsən” mesajını vermək kifayətdir. Çünki bu gənclər hələ bir-birinə uyğunlaşma mərhələsindədirlər, qalmışdı ki, valideynlərinə də uyğunlaşsınlar.

Nəticə etibarilə, biz özümüz ailə qurduğumuz zaman necə müstəqil şəkildə inkişaf etmək, maddi və mənəvi baxımdan öz həyatımızı qurmaq istəmişiksə, eyni şəraiti övladlarımız üçün də yaratmalıyıq. Əgər övladımızın gələcəyi üçün həqiqətən dəyərli bir addım atmaq istəyiriksə, bunu yalnız ona şərait yaratmaqla edə bilərik. Uşağı elə bir düşüncə ilə böyütməliyik ki, gələcəkdə öz ailəsinin sahibi və məsuliyyət daşıyıcısı məhz özü olduğunu dərk etsin", - deyə Gülşən Rüstəmova bildirdi.

Xədicə BAXIŞLI 

Seçilən
77
1
redaktor.az

2Mənbələr