İsveçrədə Yeni il gecəsi baş verən və 40 nəfərin həyatını itirdiyi bar yanğını ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən məkanda 2019-cu ildən bəri heç bir təhlükəsizlik yoxlaması aparılmayıb.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Crans-Montana şəhərinin meri Nikolas Fero mətbuat konfransında danışıb:
“Bu vəziyyət bizi son dərəcə məyus edir. Yoxlamaların aparılmadığına dair məlumatımız olmayıb. Bu işdə tərəf olub-olmayacağımıza hakimlər qərar verəcək. Crans-Montana şəhəri olaraq biz də bu hadisədə özümüzü zərərçəkən hesab edirik”.
Mer əlavə edib ki, məkanda istifadə olunan səs izolyasiya köpüyü əvvəlki dövrlərdə qəbul edilə bilən material kimi qiymətləndirilib. O, həmçinin bütün qapalı məkanlarda fişənglərin istifadəsinin qadağan olunduğunu açıqlayıb.
O istefa verməyəcəyini də açıqlayaraq, şəhər rəhbərliyinin xalq tərəfindən seçildiyini və bu çətin dövrdə sakinlərə dəstək olmaq üçün vəzifədə qalacaqlarını bildirib.
Bundan əlavə prokurorlar yanğının "spirtli içki şüşəsinə bərkidilmiş və taxta tavana yaxın saxlanılan fişənglərin tavanı alovlandırması" nəticəsində baş verdiyini bildiriblər. Hadisə ilə bağlı iki bar sahibinə qarşı cinayət işi başlanılıb.
Həmidə İbrahimova