İngiltərənin "Sanderlend" klubunda nümayiş etdirdiyi oyunla diqqət çəkən 23 yaşlı sol cinah müdafiəçisi Dennis Çirkinin beynəlxalq karyerası ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Fanat.Az xəbər verir ki, istedadlı futbolçunun milli komanda səviyyəsində çıxış etmək üçün tam beş fərqli ölkə variantı mövcuddur. Məlumata görə, müdafiəçinin babası uzun illər Azərbaycanda yaşayıb və bu amil oyunçunun istəyindən asılı olaraq gələcəkdə bizim milli komandanı seçməsinə hüquqi zəmin yaradır.
Digər tərəfdən, Çirkinin Türkiyə, İrlandiya, İngiltərə və Latviya milli komandalarında oynamaq şansı da var. Belə ki, futbolçunun atası əslən Türkiyənin Hatay şəhərindəndir. Özü 2002-ci ildə Dublində (İrlandiya) dünyaya gəlsə də, Londonda böyüyüb və İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Eyni zamanda, kökləri Latviyaya dayanan futbolçunu bu ölkənin Federasiyası da razı salmağa çalışır.
Hazırda "Sanderlend"in əsas heyət üzvü olan gənc müdafiəçinin hansı ölkənin formasını geyinəcəyi dünya idman mediasının və azarkeşlərin diqqət mərkəzindədir. Azərbaycan futbol rəhbərliyinin bu fürsətdən yararlanıb-yararlanmayacağı isə maraqla gözlənilir.
Kamil Xudiyev