AZ

Politoloq: Azərbaycan tədrici institusional dəyişikliklərə üstünlük verir - ŞƏRH

Bakı, 6 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan Prezidentinə ünvanlanan və regionlarda, yerlərdə idarəetmə yanaşmalarının dəyişdirilməsi perspektivlərinə aid olan suala diqqət yetirmək istərdim. Burada, təbii ki, son illərin təcrübəsi əsas götürülür. Həmin təcrübə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq edilib. Bu, sözügedən yanaşmanın uğurlu olduğunu göstərən çox vacib praktiki təcrübədir.

Bu fikirləri AZƏRTAC-a politoloq İlqar Vəlizadə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, bu təcrübə sosial-iqtisadi inkişaf və ölkənin ictimai-siyasi həyatına inteqrasiya baxımından strateji əhəmiyyət daşıyan regionlarda Azərbaycan Prezidentinin xüsusi nümayəndələri institutunun effektivliyini əyani şəkildə nümayiş etdirib.

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan Prezidenti bu idarəetmə formatını uğurlu addım xarakterizə edib və onun mərhələli şəkildə ölkənin digər ərazilərinə də şamil olunması imkanını istisna etməyib. Bununla yanaşı, ekspertin qeyd etdiyinə görə, Azərbaycanın siyasi sistemi üçün islahatlara təkamül yolu ilə yanaşma səciyyəvidir. Bu yanaşma mövcud institutların kəskin şəkildə ləğv edilməsini nəzərdə tutmur və mümkün risklər nəzərə alınmaqla həyata keçirilir.

Politoloq dövlət başçısının kadr siyasətinə verdiyi önəmi də diqqətə çatdırıb. Xüsusilə yerlərdə icra hakimiyyəti nümayəndələrinə qoyulan tələblərdən və təyin olunmuş kadrların qarşıya qoyulan vəzifələrə cavab vermədiyi hallardan bəhs edilib. Ekspertin sözlərinə görə, Prezident bu cür vəziyyətləri kifayət qədər tənqidi qiymətləndirib.

“Cəmiyyətlə hakimiyyət arasında qurulmuş dialoq idarəetmə sistemində problemli məqamları üzə çıxarmağa, onlara vaxtında reaksiya verməyə və aşkar edilmiş nöqsanları aradan qaldırmağa imkan verir”, – deyə İlqar Vəlizadə qeyd edib.

 

Seçilən
68
azertag.az

1Mənbələr