AZ

Müəssisələrdə qida təhlükəsizliyi necə qorunmalıdır? - MÜTƏXƏSSİS AÇIQLADI

"Qida sənayesinin inkişafı həmçinin qida təhlükəsizliyi nəzarət sistemlərinin də təkmilləşdirilməsinə gətirib çıxarıb. Artıq Qida Təhlükəsizliyi Haqqında Qanuna müvafiq olaraq müəssisələrdə qida təhlükəsizliyinin qorunması insan sağlamlığının təmin olunması baxımından əsas şərtlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, qida istehsalı, emalı, saxlanması və təqdimatı ilə məşğul olan bütün müəssisələr bu sahədə ciddi qaydalara əməl etməlidir:

"Qida təhlükəsizliyi yalnız məhsulun keyfiyyəti ilə deyil, eyni zamanda iş mühitinin təmizliyi, işçi heyətin davranışı və nəzarət mexanizmləri ilə də birbaşa bağlıdır. İlk növbədə müəssisədə sanitar-gigiyenik şərait təmin olunmalıdır. İstehsal və mətbəx sahələri təmiz saxlanmalı, döşəmə, divar və iş səthləri mütəmadi yuyulmalı və dezinfeksiya edilməlidir. Tullantılar vaxtında çıxarılmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalıdır. Çirkli və təmiz zonalar bir-birindən aydın şəkildə ayrılmalıdır. Qida ilə təmasda olan işçilərin şəxsi gigiyenası xüsusi əhəmiyyət daşıyır. İşçilər təmiz iş geyimində olmalı, əl yuma qaydalarına əməl etməli, əlcək və baş örtüyündən mütləq istifadə etməlidirlər. Xəstə olan şəxslərin qida ilə işləməsinə icazə verilməməlidir. Müəssisə işçi heyəti mütəmadi olaraq tibbi müayinədən keçməlidir. Xammal və məhsulların qəbulu zamanı ciddi nəzarət aparılmalıdır. Qida məhsullarının mənşəyi məlum olmalı, son istifadə tarixi yoxlanılmalı, qablaşdırması zədələnmiş məhsullar qəbul edilməməlidir. Saxlanma zamanı temperatur və rütubət rejiminə riayət olunmalı, xammal ilə hazır məhsullar ayrı saxlanılmalıdır. Qidaların hazırlanması prosesində çarpaz çirklənmənin qarşısı alınmalıdır. Çiy və bişmiş məhsullar üçün ayrı alətlərdən istifadə olunmalı, kəsim lövhələri və bıçaqlar mütəmadi təmizlənməlidir. Yeməklər lazımi temperaturda bişirilməli və uyğun şəraitdə saxlanılmalıdır. Müəssisələrdə daxili nəzarət sistemi qurulmalıdır. Risklərin müəyyən edilməsi, kritik nəzarət nöqtələrinin izlənməsi və sənədləşmə qida təhlükəsizliyinin davamlı olmasını təmin edir. İşçilər üçün mütəmadi təlimlərin keçirilməsi də vacibdir".

Müəllif: Arzu Qurbanlı
Seçilən
44
sia.az

1Mənbələr