ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vurulan AZAL təyyarəsi ilə bağlı sənəd BT News teleqram kanalında yayımlanıb.
Axar.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat paylaşıb.
O bildirib ki, sənəd Rusiya Federasiyasının İstintaq Komitəsindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanıb:
“Orada iddia olunur ki, AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiyada enə bilməyib və eniş zamanı yerə çırpılıb. Bu əsasla cinayət işinə xitam verilib.
Bu uğursuz ifadələr faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Məntiqi bir sual yaranır: Rusiya Federasiyasının İstintaq Komitəsi günahı "hava şəraitində" görürsə, cinayət işinə hansı əsasla xitam verir?
Bu halda, ölümlərə görə məsuliyyət daşıyanların məsuliyyətdən yayındırmaq cəhdi aşkar şəkildə ortaya çıxır. Faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir: AZAL təyyarəsi "Pantsir-S1" hava hücumundan müdafiə kompleksindən buraxılan raket ilə vurulub və sənəddə təsvir etməyə çalışıldığı kimi, sonradan hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Rusiya İstintaq Komitəsinin sədri Bastrıkinin imzaladığı sənədin məzmunu Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmiş və "bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə" hazır olduğunu bildirmişdi.
İndi belə çıxır ki, Rusiyada yenə "it yiyəsini tanımır" və ya Bastrıkin Prezident Putini tanımır və onu təkzib edir”.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana göndərdiyi cinayət işinə xitam verilməsi məlumatını bölüşdüyü məktubun Azərbaycanda ciddi təəccüb doğurduğunu bildirmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.