Musavat.com xəbər verir ki, bəyanatda adanın taleyi ilə bağlı qərarların yalnız Danimarka Krallığı və Qrenlandiyanın öz xalqı tərəfindən verilə biləcəyi xüsusi vurğulanır.
Sənəddə açıq şəkildə qeyd olunur: "Qrenlandiya onun xalqına məxsusdur." Avropa liderləri Arktikanın Avropa və NATO üçün kritik təhlükəsizlik zonası olduğunu bildirərək, Danimarka Krallığının - Qrenlandiya daxil olmaqla - NATO-nun ayrılmaz tərkib hissəsi olaraq qaldığını xatırladıblar.
Bəyanatda həmçinin vurğulanır ki, Arktikanın təhlükəsizliyi kollektiv şəkildə, NATO çərçivəsində və ABŞ-ın iştirakı ilə təmin olunmalıdır. Bu proses yalnız BMT Nizamnaməsinin əsas prinsiplərinə - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına tam əməl olunmaqla mümkündür.
Mövzu ilə bağlı ən sərt açıqlamalardan biri Polşanın baş naziri Donald Tuska məxsusdur. O, daha əvvəl bildirmişdi ki, "ABŞ-ın Qrenlandiyaya dair iddiaları NATO-nun mövcudluq məntiqini sual altına alır."
Qrenlandiya ətrafında yaranan bu vəziyyət Avropa-ABŞ münasibətlərində yeni və təhlükəli gərginlik mərhələsinin başladığını göstərir. Arktika artıq təkcə coğrafi yox, böyük geosiyasi qarşıdurma meydanına çevrilir.