AZ

Azərbaycanda icra hakimiyyətləri ləğv edilir?

Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi nümayəndəlik idarəetmə modelinin ölkənin digər ərazilərində tətbiq edilə biləcəyini istisna etməyib. Dövlət başçısı vurğulayıb ki, bu, operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.

Bu da icra hakimiyyətlərinin ləğvini gündəmə gətirir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, xüsusi nümayəndəlik idarəetmə forması özünü doğruldub.

"Bu üsuli-idarə metodu ilə daha az komanda ilə operativ işlər görmək olar. Prezident məsələyə bu kontekstdən yanaşdı və bildirdi ki, digər rayonlarda da tətbiq oluna bilər. Prezidentin sözügedən məsələ ilə bağlı bir müddət əvvəl də mövqeyi olmuşdu. Dövlət başçısı vurğulamışdı ki, icra hakimiyyəti struktur vahidi olaraq keçmiş sovetlər dönəmindən qalıb. Prezident əlavə edib ki, icra hakimiyyətləri müasir tələblərə cavab vermir. Buna görə də islahatlar istisna deyil. Bu məsələ uzun müddətdir siyasi sferada da müzakirə olunub, təkliflər səsləndirilib. Həmçinin təklif etmişdik ki, idarəetmə forması olaraq Türkiyədəki model tətbiq olunsun. Məlum olduğu kimi, orada bələdiyyələr bir çox səlahiyyətlərə malikdirlər, bundan başqa isə prezidentin təyin etdiyi valilər dövlət başçısının qərar və sərəncamlarının icrası ilə məsuldurlar. Birmənalı olaraq deyil ki, həmin təcrübə ölkəmizdə də tətbiq edilsin. Prezident İlham Əliyevin müsahibəsindən də göründü ki, islahatların olması mümkündür. Bu, zamana bağlıdır. İşğaldan azad olunmuş ərazilərdə olduğu kimi, digər bölgələrdə də icra hakimiyyətləri xüsusi nümayəndəliklə əvəzlənə bilər. İdarəetmə ilə bağlı məsələni ciddi analiz etmək, bunun mənfi və müsbət tərəflərini üzə çıxarmaq lazımdır. Qısası, prezident bu məsələyə toxundusa, islahatların olması ehtimalı yüksəkdir".

Milli Məclisin deputatı Azay Quliyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik idarəetmə modelinin ölkənin digər ərazilərində mümkün tətbiqi ilə bağlı səsləndirilən fikirlər əslində təkcə inzibati struktur dəyişikliyi deyil, dövlət idarəçiliyinə baxışın köklü şəkildə yenilənməsi anlamına gəlir:

"Bu yanaşma təsadüfi deyil. O, mövcud regional, institusional və qlobal reallıqlar fonunda tam əsaslandırılmış, düşünülmüş və strateji baxımdan zəruri qərar kimi qiymətləndirilməlidir. Çünki Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan xüsusi nümayəndəlik institutu qısa müddətdə öz effektivliyini praktik nəticələrlə nümayiş etdirdi. Məhz bu model çərçivəsində qərarların qəbulunda çeviklik və effektivlik təmin olundu, icra prosesində mərkəzləşmiş, vahid koordinasiya formalaşdı, paralel və bir-birini təkrarlayan strukturlar aradan qaldırıldı. Bu təcrübə göstərdi ki, idarəetmədə əsas məsələ strukturun adında deyil, qərar-icra-nəzarət zəncirinin düzgün qurulmasındadır. Qarabağ modeli sübut etdi ki, vahid mərkəzdən idarə olunan, məsuliyyətin konkret daşıyıcısı olan sistem daha səmərəli işləyir. Bəzən bu model yanlış olaraq "xüsusi status" anlayışı ilə eyniləşdirilir. Halbuki onun mahiyyəti tamamilə fərqlidir. Söhbət hər hansı inzibati-siyasi imtiyazdan yox, dövlətin vahid icra mexanizminin gücləndirilməsindən gedir. Prezidentin vurğuladığı kimi, bu yanaşma həm ölkə üzrə, həm də ehtiyac olan ərazilərdə, konkret funksiyalar və selektiv formada tətbiq oluna bilər. Məhz bu selektivlik və çeviklik modelin əsas üstünlüyünü təşkil edir və onu müasir idarəetmə çağırışlarına uyğunlaşdırır".

Deputat əlavə edib ki, yerli icra orqanlarında mövcud idarəetmə sisteminin əsas problemlərindən biri illər ərzində formalaşmış həddindən artıq bürokratiya və səlahiyyətlərdə tarazlığın olmamasıdır:

"Eyni məsələ üzrə bir neçə qurumun razılığı, uzun yazışma zəncirləri, qeyri-müəyyən məsuliyyət bölgüsü qərarların icrasını ləngidir, vətəndaş məmnunluğunu azaldır. Prezidentin irəli sürdüyü yanaşma məhz bu problemin kökündən həllinə yönəlib. Qərarvermə pillələri azalır, icra və nəzarət vahid mərkəzdə cəmlənir, məsuliyyət fərdi və institusional olaraq dəqiqləşir. Bu isə dövlət-vətəndaş münasibətlərində operativlik, şəffaflıq və nəticəyönümlülüyün artması deməkdir. Xüsusi nümayəndəlik institutunun digər mühüm üstünlüyü Prezidentin qeyd etdiyi kimi dövlət aparatının optimallaşdırılmasıdır. Burada məqsəd sadəcə strukturları ləğv etmək deyil, idarəetməni daha yığcam, funksional və peşəkar etməkdir. Başqa sözlə, kəmiyyətin keyfiyyətlə əvəz olunmasıdır. Beləliklə, dövlət idarəçiliyində "böyük aparat" anlayışı tədricən "ağıllı aparat" anlayışı ilə əvəz olunur ki, bu da müasir dövlət idarəçiliyinin əsas prinsipidir. Prezident İlham Əliyevin irəli sürdüyü bu yanaşma bir daha göstərir ki, dövlət başçısı idarəetməni statik yox, dinamik və inkişaf edən proses kimi, dəyişən regional və qlobal reallıqlar fonunda zamanın tələbi kimi qiymətləndirir".

Milli.Az

Seçilən
62
1
milli.az

2Mənbələr