AZ

Fransada soyuq düşdü, elektrik sərfiyyatı rekord həddə çatdı » AzadMedia.az


Fransada hər il eyni mənzərə təkrarlanır: hava soyuduqca elektrik enerjisinə tələbat artır. Yanvarın 5-i axşam saat 19:00-da ölkədə elektrik istehlakı 89 giqavat səviyyəsinə çatıb. Elektrik şəbəkə operatoru RTE-nin məlumatına görə, yaxın günlərdə bu göstərici 90 giqavatı da keçə bilər.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə pik göstərici yanvarın 14-də səhər saatlarında qeydə alınmışdı və 87 giqavat olmuşdu. Bununla belə, indiki rəqəmlər hələ də Fransanın tarixi rekordundan – 2012-ci il fevralın 8-də qeydə alınan 102 giqavatdan xeyli aşağıdır.
Fransız mətbuatı yazır ki, əvvəlki illərlə müqayisədə vəziyyət daha sabitdir. Çünki bu müddət ərzində elektrik avadanlıqları daha qənaətcil olub, əhali isə enerjidən daha səmərəli istifadə etməyə başlayıb.
Müsbət məqam ondan ibarətdir ki, güclü şaxtalara baxmayaraq, Fransada elektrik istehsalı kifayət qədərdir. Atom elektrik stansiyaları ölkənin əsas ehtiyacını qarşılayır və ümumi istehsalın 60–72 faizini təmin edir. Gün ərzində atom enerjisi su, külək və günəş enerjisini geridə qoyur.
Bu dövrdə elektrik istehsalında qazın payı təxminən 10 faiz təşkil edir. Maraqlıdır ki, iki kömür elektrik stansiyasından ümumiyyətlə istifadə olunmayıb.
Fransa eyni zamanda İspaniya və İtaliyadan elektrik idxal etsə də, Almaniya və Belçikaya böyük həcmdə elektrik ixrac edir. Bu ölkələrdə qiymətlərin daha yüksək olması Fransa üçün əlavə üstünlük yaradır.
Seçilən
38
1
azadmedia.az

2Mənbələr