TraxNYC-nin sahibi Maksud Ağacaninin adı ilə dələduzluqedilib, Hollivud ulduzları aldadılıb...
Poliqon xəbər verir ki, tanınmış azərbaycanlı–israilli biznesmen, ABŞ-də fəaliyyət göstərən məşhur TraxNYC zərgərlik brendinin qurucusu və sahibi Maksud Ağacani (Maksud Agadjani) dələduzların qurbanı olub. Belə ki, naməlum şəxslər onun şirkətinin adından istifadə edərək Hollivud ulduzlarına, o cümlədən məşhur reper 50 Cent-ə saxta qızıldan hazırlanmış zinət əşyaları satıblar. Bu hallar iş adamının nüfuzuna ciddi zərər vurub.
Məsələ ictimaiyyətin diqqətinə Nyu-Yorkun “Diamond District” (Almazlar Məhəlləsi) adlanan ərazisində baş vermiş insidentdən sonra gəlib. Sosial şəbəkələrdə sürətlə yayılan videoda Maksud Ağacani ilə bir neçə şəxs arasında yaranan münaqişə və fiziki qarşıdurma əks olunub. Video qısa müddətdə viral xarakter alaraq geniş rezonans doğurub.
Ağacani açıqlamasında bildirib ki, dələduzlar dəfələrlə onun müştərilərini aldadıblar. Onun sözlərinə görə, TraxNYC adı altında satılan bəzi məmulatlar keyfiyyətsiz və saxta qızıldan hazırlanıb ki, bu da illərdir formalaşdırdığı brend etibarına xələl gətirib. İş adamı vurğulayıb ki, bu cür hallara qarşı hüquqi mübarizə aparacaq və məsul şəxslərin cəzalandırılmasına çalışacaq.
Sosial şəbəkələrdə yayılan məlumatlara və New York Post qəzetinə istinadən bildirilir ki, insidentlə əlaqədar Nyu-Cersi ştatından olan iki zərgər saxlanılaraq həbs edilib. Onların TraxNYC brendindən qanunsuz istifadə etdikləri və müştərilərə saxta zinət əşyaları satdıqları iddia olunur. Hazırda məsələ ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, Maksud Ağacani ABŞ-də zərgərlik sənayesində tanınmış simalardan biri hesab olunur və TraxNYC brendi illərdir dünya ulduzları arasında populyarlıq qazanıb. Hadisə isə saxta brendlər və dələduzluq problemlərinin nə qədər ciddi fəsadlar doğura biləcəyini bir daha gündəmə gətirib.
Poliqon.info