AZ

Azad edilmiş ərazilərin dirçəldilməsində Azərbaycanın təcrübəsi Ukrayna üçün faydalı ola bilər – MÜSAHİBƏ

Bakı, 6 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Müasir dövrdə beynəlxalq hüququn getdikcə daha çox güc amili qarşısında mövqelərini itirdiyi bir şəraitdə suverenliyini qoruya bilmiş və müharibənin faciəvi təcrübəsini bərpa və inkişaf üçün əsas dayağa çevirmiş dövlətlərin nümunələri xüsusi dəyər kəsb edir. Belə dövlətlərdən biri Azərbaycandır. Bu gün oxşar çağırışla Ukrayna da üz-üzədir. Bu baxımdan Bakı ilə Kiyev arasında diplomatik formullardan çoxdan kənara çıxmış, siyasi dəstək, humanitar yardım və ümumi tarixi təcrübəyə əsaslanan strateji qarşılıqlı anlaşma şəklində özünü göstərən həmrəylik diqqət çəkir. Məhz bu təcrübə, yəni müqavimət, bərpa və böhran şəraitində dövlətin roluna yenidən baxılması təcrübəsi hazırda xüsusi maraq doğurur.

Bu mövzu ətrafında AZƏRTAC ukraynalı ekspert və siyasi analitik Mixail Katsmanla söhbət edib.

– Ukrayna və Azərbaycan liderləri bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstəyi dəfələrlə təsdiqləyiblər. Siz bu həmrəyliyin uzunmüddətli strateji tərəfdaşlığın möhkəmlənməsində rolunu necə qiymətləndirirsiniz?

– İlk növbədə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumlarının ilk günlərinə aid kadrları bu gün də ürək ağrısı olmadan izləmək çətindir. Həmin günlərdə Bakı sakinlərinin həmrəylik hissi ilə Ukraynanın səfirliyinin binası önünə toplaşması xüsusilə yaddaqalan idi.

Qeyd etmək lazımdır ki, 1990-cı illərin əvvəlində Azərbaycan xalqı da sadəcə yaşamaq, ailə qurmaq və həyat səviyyəsini yüksəltmək istəyən bütöv bir nəslin əzab-əziyyətinə səbəb olmuş xarici işğalı yaşamışdı. Bu ümumi tarix bu gün bizim həmrəyliyimizi daha da mənalı edir.

Azərbaycanla tərəfdaş münasibətlərinin inkişafı Ukrayna hökuməti üçün prioritet olaraq qalır. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan səmimi şəxsi münasibətlər ikitərəfli dialoqu əlavə olaraq möhkəmləndirir.

Bununla yanaşı, Ukrayna xalqı genişmiqyaslı hücumların başlandığı gündən etibarən dörd il ərzində Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi daim xatırlayacaq. Bu yardım orta müddətli perspektivdə strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə tədrici keçid üçün möhkəm dəyər və praqmatik əsas yaradır.

– Azərbaycanın məhdud hərbi əməliyyatların uğurla aparılması və münaqişədən sonra ərazilərin bərpası sahəsində təcrübəsi var. Ukrayna öz müdafiəsi, bərpası və sülh yolu ilə nizamlanması baxımından bu təcrübədən hansı dərsləri götürə bilər?

– Azərbaycan Prezidenti İlham Əliyev yaxın vaxtlarda yerli mediaya verdiyi müsahibədə bir daha vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq siyasətin real praktikası ilə tez-tez uzlaşmır. Ümummilli Lider Heydər Əliyevin, daha sonra isə onun varisi Prezident İlham Əliyevin səyləri nəticəsində yerlərdə yeni reallıq formalaşdırmaq mümkün olub. Lakin bu reallıq öz-özünə yaranmayıb, biganə olmayan, vətənpərvər vətəndaşların bütöv nəsillərinin səylərinin nəticəsidir.

Son hadisələr göstərdi ki, yalnız beynəlxalq hüquqa arxalanmaq olmaz. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, əsas ümid öz gücünə, tərəfdaşlığa və müttəfiqliyə bağlanmalıdır.

Prezident İlham Əliyevin Ağdama son səfəri Qarabağ iqtisadi rayonunun bərpasında əldə olunmuş uğurları əyani şəkildə nümayiş etdirdi. Otuz il ərzində talan və dağıntılara məruz qalmış ərazinin qısa müddətdə dirçəldilməsi mümkün olub. Xüsusilə diqqətəlayiq məqam budur ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarınadək Qarabağda ən keyfiyyətli evlər separatçılara məxsus olduğu halda, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra yeni, gözəl evlər doğma yurdlarına qayıdan sadə insanlar üçün inşa edilir.

Azad edilmiş ərazilərin iqtisadi və infrastruktur baxımından dirçəldilməsi sahəsində Azərbaycanın təcrübəsi Ukraynanın müvəqqəti işğal altında olan əraziləri geri qaytardıqdan sonra faydalı istiqamət ola bilər. Ukrayna hökuməti artıq indidən bu prosesin təşkili və planlaşdırılması üzrə mühüm addımlar atır və Azərbaycan təcrübəsini dünyada ən uğurlu nümunələrdən biri kimi nəzərə alır.

– Azərbaycan təhlükəsizlik strategiyasının və müharibədən sonrakı bərpa modelinin hansı aspektləri Ukraynanın reallıqları üçün tətbiq oluna bilər?

– Dövlət orqanizmi sistemli bir anlayışdır və onun səmərəli fəaliyyət göstərməsi üçün daim formada saxlanması vacibdir. Hər şey düzgün “qidalanma” və enerji istehlakından başlayır. Bu baxımdan Azərbaycan valehedici göstəricilər nümayiş etdirir, belə ki, ölkənin adambaşına düşən qızıl-valyuta ehtiyatları 84 milyard dollar təşkil edir, xarici borcun səviyyəsi isə ÜDM-in 6,3–6,4 faizi həddində saxlanılır. Tibbi terminlərlə desək, belə bir “diaqnoz” dövlətin “sağlamlığından” və xarici çağırışlara qarşı dayanıqlı “immunitetindən” xəbər verir.

Beynəlxalq siyasət baxımından bu, təcavüz üçün deyil, ölkənin suverenliyini pozmağa heç kimin cürət etməməsi üçün güclü orduya və müasir silahlara malik olmağa imkan yaradır. Azərbaycanın bu strateji təhlükəsizlik prinsipi müharibədən sonrakı dövrdə Ukrayna üçün xüsusilə аktualdır.

Vurğulamaq vacibdir ki, müharibə şəraitində belə Ukrayna Prezidenti Volodimir Zelenski iqtisadiyyatın işə salınması və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi üçün mümkün olan hər şeyi edir. Bu mənada Azərbaycanın iqtisadiyyatın və dövlət sisteminin dayanıqlığının qorunması üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər.

– Ukrayna ilə Azərbaycan arasında münasibətlərdə gələcək əməkdaşlıq baxımından ən ruhlandırıcı və əhəmiyyətli hesab etdiyiniz müsbət məqamlar hansılardır?

– Müharibə şəraitinə baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı marağın artdığını görürük. Bu maraq təkcə siyasi rəhbərlik səviyyəsində deyil, vətəndaş cəmiyyəti səviyyəsində də özünü göstərir və bu, xüsusilə ruhlandırıcıdır.

Azərbaycandan Ukraynaya gələn insanlar özlərini evlərindəki kimi hiss edirlər, eyni zamanda ukraynalılar da Azərbaycanda səmimi insani istilik və rahatlıq tapırlar. Ukrayna mağazalarında Azərbaycan şirniyyatlarını görmək, Azərbaycanda açılan Ukrayna qəhvəxanaları haqqında oxumaq xoş təəssürat yaradır. Məhz bu cür canlı insani əlaqələr etimad və qarşılıqlı hörmət üçün möhkəm təməl formalaşdırır.

Bu təməl sanki bir torpaqdır ki, ondan həyat ağacı boy atacaq və onun bəhrələrindən Ukrayna ilə Azərbaycanın bir neçə nəsil vətəndaşı faydalana biləcək. Mən gələcək əməkdaşlığımızın ən əhəmiyyətli və ruhlandırıcı perspektivlərindən birini məhz burada görürəm.

Seçilən
116
azertag.az

1Mənbələr