Ağıllı ev texnologiyaları üzrə ixtisaslaşmış “Xthings” şirkəti yeni nəsil təhlükəsizlik məhsullarını nümayiş etdirməyə hazırlaşır. Şirkətin təqdim etdiyi cihazlar arasında ən böyük marağa səbəb olan yenilik “Ultraloq Bolt Sense” adlı ağıllı qapı kilididir. Bu kilid iki fərqli biometrik texnologiyanı – üz tanıma və ovuc damarlarının identifikasiyasını birləşdirərək qapının heç bir fiziki təmas olmadan açılmasını mümkün edir. Üstəlik, sistemdən istifadə üçün mobil tətbiqin quraşdırılması da tələb olunmur.
Ovuc damarlarının skan edilməsi texnologiyası hələ geniş istehlak bazarında yenilik sayılsa da, “Xthings” bu metodun klassik barmaq izi oxuyucularından daha təhlükəsiz olduğunu vurğulayır. Səbəb isə texnologiyanın dərinin altındakı unikal damar quruluşunu analiz etməsidir. Bu isə əllərin nəmli, çirkli və ya zədələnmiş olması kimi amillərin tanımaya təsir göstərməsinin qarşısını alır. İnfraqırmızı sensorlar sayəsində kilid zəif işıqda və ya tam qaranlıq mühitdə belə stabil işləyir. Daxili “Wi-Fi” modulu ilə təchiz olunan “Ultraloq Bolt Sense” üçün gələcəkdə Matter standartına uyğunluğun əlavə ediləcəyi də açıqlanıb. Məhsulun satışa çıxarılması 2026-cı ilin ikinci rübünə planlaşdırılır. Bununla yanaşı, “Xthings” “Latch 7 Pro” adlı başqa bir ağıllı kilidi də təqdim edir. Bu model biometrik ovuc skanı funksiyasına malik olmasa da, “Matter-over-Thread” və “Aliro” protokollarını dəstəkləməsi ilə seçilir.
Şirkət təhlükəsizlik kameraları sahəsində də yeniliklərə imza atır. “Xthings”in “Matter” dəstəkli ilk kamerası olan “Ulticam IQ V2” nümayiş etdiriləcək. Daha diqqətçəkən məhsul isə “Ulticam HaLow” kamerasıdır. Bu cihaz “Wi-Fi HaLow” texnologiyasını dəstəkləyən ilk təhlükəsizlik kameralarından biri olacaq. Aşağı tezlikli siqnallar üzərindən çalışan “Wi-Fi HaLow” texnologiyası daha geniş əhatə dairəsi və maneələrdən – xüsusilə divarlardan – daha yaxşı keçid imkanı yaradır. Uyğun şəraitdə bu texnologiya təxminən 1 kilometrə qədər məsafəni əhatə edə bilir ki, bu da böyük əraziyə və geniş həyətə malik istifadəçilər üçün ciddi üstünlük sayılır. “Xthings” bu kamera üçün xüsusi “hub” da təqdim edəcək ki, istifadəçilər əlavə uyğun router axtarmaq məcburiyyətində qalmasınlar.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”