AZ

Prezident İlham Əliyevin yerli mətbuata müsahibəsi dünya mediasının diqqət mərkəzində olub

Azərbaycanın Qəzza ilə bağlı mövqeyi beynəlxalq mediada geniş işıqlandırılıb...

Poliqon xəbər verir ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə nüfuzlu beynəlxalq media orqanlarında geniş rezonans doğurub. Reuters, US News, The Straits Times, Econotimes, Global Banking and Finance, Al-Monitor və digər aparıcı beynəlxalq  nəşrlərdə Azərbaycan Prezidentinin Qəzza ilə bağlı mövqeyi xüsusi vurğulanıb.

Beynəlxalq nəşrlər qeyd ediblər ki, prezident İlham Əliyev Azərbaycanın Qəzzaya sülhməramlı kontingent göndərməyəcəyini açıq şəkildə bəyan edib. Dövlət başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ölkə hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirak etmir və etməyəcək. Prezident qeyd edib ki, Bakı ABŞ tərəfinə 20 sualdan ibarət rəsmi müraciət ünvanlayıb və bu suallara aydın cavablar alınmayana qədər Azərbaycanın hər hansı beynəlxalq missiyada iştirakı istisna olunur.

Müsahibə Türkiyə, Gürcüstan və digər ölkələrin kütləvi informasiya vasitələrində də geniş şəkildə yayımlanıb. Xüsusilə dövlət başçısının Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının əhəmiyyəti, Türkiyə ilə müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, qlobal geosiyasi proseslər, Zəngəzur dəhlizinin açılması və Ermənistanla münasibətlərin normallaşdırılması barədə fikirləri diqqət mərkəzində olub.

Yaxın Şərq və Avropa mediasında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın guya Qəzzada sülhməramlı missiyada iştirakına razılıq verdiyi barədə yayılan məlumatları qətiyyətlə təkzib etdiyi vurğulanıb. Dövlət başçısı bu cür iddiaların reallığı əks etdirmədiyini, ictimaiyyətdə yanlış təsəvvür yaratdığını və qəbuledilməz olduğunu bildirib. O, eyni zamanda ərəb ölkələrinə aid məsələlərin məhz həmin dövlətlər tərəfindən həll edilməsinin vacibliyini qeyd edib.

Ərəb, ispan dilli, İsrail, Pakistan, Hindistan və İran mediası isə Azərbaycanın Fələstin məsələsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarları dəstəklədiyini önə çəkib. Bununla yanaşı, rəsmi Bakının nə Qəzzada, nə də digər regionlarda hərbi və ya sülhməramlı əməliyyatlarda iştirak etməyi nəzərdən keçirmədiyi xüsusi olaraq qeyd olunub.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr