
Yaponiyada Hamaoka Atom Elektrik Stansiyasının yenidən fəaliyyətə başlaması üçün tələb olunan zəlzələyə davamlılıq testləri çərçivəsində məlumatların yanlış istifadə edilmiş ola biləcəyi bildirilir.
Kyodo News-un məlumatına görə, Yaponiya Nüvə Tənzimləmə Agentliyi (NRA) Şizuoka prefekturasında yerləşən Hamaoka stansiyasında aparılan zəlzələyə davamlılıq testlərində Chubu Electric Power şirkətinin məlumatlardan yanlış istifadə etdiyini müəyyənləşdirdiyini açıqlayıb.
NRA rəsmisi bu vəziyyəti inanılmaz adlandıraraq, sözügedən səhvin operatora olan etimadı tamamilə sarsıtdığını bildirib.
The Japan Times qəzetinin xəbərinə görə isə Chubu Electric Power şirkətinin prezidenti Kingo Hayashi stansiyanın maksimum seysmik hərəkətini hesablamaq üçün istifadə edilən bəzi məlumatların təhlükəsizlik standartlarına cavab verməsi üçün uyğunsuz şəkildə emal edilmiş ola biləcəyini deyib.
Kingo Hayashi baş verən hadisəyə görə səmimi şəkildə üzr istədiklərini də əlavə edib.
NRA yaranmış problem səbəbindən stansiyadakı 3 və 4 nömrəli reaktorların təhlükəsizlik yoxlamasının dayandırıldığını, stansiyanın yaxın vaxtlarda fəaliyyətə başlamasının gözlənilmədiyini bildirib.
Hamaoka Atom Elektrik Stansiyasının Sakit okean bölgəsində güclü zəlzələnin baş verəcəyi ehtimal olunan ərazidə yerləşdiyi qiymətləndirilir.