AZ

Kirayə mənzillərin qiyməti dəyişəcək

Yanvarın 1-dən evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14 %-dən 10 %-ə endirilib. Bu halda kirayə evlərin qiymətində ucuzlaşma ola bilər? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, bu amillərə əsasən kirayə qiymətlərində ucuzlaşma olacağı təəssüratı yarana bilər, lakin vəziyyət əslində fərqlidir: “Bunun əsas səbəbi odur ki, əvvəl tətbiq olunan 14 faizlik rüsum, daha dəqiq desək, ödəmə mənbəyindən vergi (ÖMV) faktiki olaraq bazarın böyük hissəsi tərəfindən ödənilmirdi. Bu vergi çox nadir hallarda tətbiq olunur, ötən il isə, demək olar ki, heç kim tərəfindən ödənilməmişdi. Cari ildən etibarən isə müqavilə bağlamadan, qeyri-qanuni şəkildə mənzillərini kirayə verən şəxslərin müəyyənləşdirilməsi istiqamətində inzibati tədbirlərə başlanılıb. Bu da vergi nəzarətinin gücləndirilməsi deməkdir və təbii ki, qiymətlərə təsirsiz ötüşməyəcək”. V.Orucun sözlərinə görə, rüsumun 14 faizdən 10 faizə endirilməsi gözlənildiyinin əksinə olaraq, kirayə qiymətlərinin artımına səbəb olacaq: “Çünki əvvəl 14 faizi ödəməyən əksər ev sahibləri indi 10 faizi real şəkildə ödəməli olacaqlar. Məsələn, mənzilini 600 manata kirayə verən vətəndaşlar ya həmin 10 faizi öz mənfəətləri hesabına qarşılayacaqlar, ya da bu məbləği qiymətə əlavə edəcəklər. Bu proses xüsusilə ilkin mərhələdə, yanvar-fevral aylarında kirayə bazarında qiymət artımı ilə müşahidə olunacaq. Əgər ötən il 14 faizlik vergi faktiki olaraq ödənilsəydi və sonradan 10 faizə endirilsəydi, o zaman ucuzlaşmadan danışmaq olardı. Lakin reallıq ondan ibarətdir ki, əvvəlki vergi ödənilmirdi, indi isə ciddi inzibati nəzarət şəraitində ödəniləcək. Bu baxımdan, kirayə qiymətlərində ucuzlaşmadan söhbət gedə bilməz”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
100
24
metbuat.az

10Mənbələr