Ərdəbilin nəcib köçərilərinin ənənəvi və günbəz formalı, bu qəbilənin mədəni orijinallığının və qədim həyatının simvolu hesab edilən, tikinti bacarıqları misilsiz tarixi və bədii qabiliyyətlərə malik milli abidələr siyahısında qeydiyyata alınmış alaçıq dünya qeydiyyatını gözləyir.
Hafta.az yazır ki, Ərdəbil əyalətinin Muğan düzündə və yamyaşıl yaylaqlarında Şahsevən köçərilərinin istirahət yeri və iqamətgahı olan alaçıq müxtəlif taxta və keçə hissələrdən hazırlanır, kökləri bu bölgənin qədim köçəri həyatına gedib çıxır.
Ərdəbilin Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin açıqlamasına görə, köçərilərin bu qiymətli irsini qorumaq üçün alaçıq və onun tikinti bacarıqlarının dünya qeydiyyatı üçün təklif sənədi Mədəni İrs Nazirliyinə təqdim edilib.

Orjinal alaçıqlar
Ərdəbilin Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin direktoru Yasir Rənayi keçəni toxunmuş parçalar və həsirlər qrupunun bir hissəsi hesab edərək İRNA-ya deyib: “Əsasən köçəri köşkləri örtmək üçün istifadə edilən keçə, "keçə dəyirmanı" tərəfindən daranmış və əyrilmiş yundan istifadə edilməklə istehsal olunur”.
Ərdəbildəki Muğan düzünün fəal köçəri və könüllü üzvü Kərəm Nemətzadə köşkün quruluşu haqqında deyib: “Köşkün skeleti taxta dam halqasından və tikildikdə günbəz forması alan bir sıra əyri sütunlardan ibarətdir. Köçərilər bu köşkləri xüsusi texnika ilə ucaldır və ya sökürlər, bu bacarıq nəsildən-nəsilə ötürülüb, köşklərin daxili bəzəklərində orijinal, təbii naxışlar və dizaynlardan istifadə olunur”.

Alaçıq dastanı
Alaçıq o qədər mədəni və tarixi bir keçmişə malikdir ki, Ərdəbil köçərilərinin müdafiədəki rolunu təsvir edən "Alaçıq Dastanı" adlı kitab nəşr olunub. Kitabda vətən və müqəddəs müdafiə mövzuları müzakirə olunur.
Ərdəbil əyalətinin sərhəd bölgəsi köçərilərinin, eləcə də yerli kəndlilərinin sərhəd idarəçiliyində və müqəddəs müdafiədəki rolundan bəhs edən "Alaçıq Dastanı" milli dəyər və ideallara fanatik yanaşan bir neçə yazıçı tərəfindən yazılıb. Kitab fədakarlıq və müqavimət ədəbiyyatı sahəsindəki təsiri baxımından üç dəfə təkrar nəşr olunub.
Qeyd etmək lazımdır ki, hər il yazda Muğanın Cəfərabad şəhərində keçirilən Muğan düzünün Şahsevən Köçərilərinin Köç Festivalı alaçıqların və köçəri icmasının böyüklüyünün nümayiş etdirilməsinin və qorunmasının mühüm təzahürlərindən biridir. Həmçinin, əyalətin köçəri qadınlarının "Tuman-Köynək" adlı ənənəvi geyimləri və tikiş bacarıqları da milli əsərlər siyahısına daxil edilib.

Hər alaçıq istehsal vahididir
Ərdəbil köçəriləri ilin yarısını əyalətin şimalındakı kəndlərdə, digər yarısını isə Savalan yaylaqlarında, eləcə də Bağru və Bozquş dağlarının yüksəkliklərində keçirirlər. Onların əsas məşğuliyyəti heyvandarlıqdır və 1,5 milyon baş mal-qara saxlamaqla məşğuldurlar.
Ərdəbil əyaləti Köçəri İşləri üzrə Baş Direktoru Əli Pircahidin sözlərinə görə, 13 mindən çox ev təsərrüfatı və 66500 nəfərlik köçərilər əyalət əhalisinin 5,4 faizini və ölkənin bütün köçəri əhalisinin 5,6 faizini təşkil edir. Onlar 2 tayfadan ibarətdir: Şahsevən və Qaradağ. Həmçinin 2 müstəqil tayfa da var: Şatiranlu və Fuladlu.
Əli Pircahid deyib: “Ərdəbil köçəriləri əyalətin 11 rayonunda yaşayan 45 tayfadan ibarətdir və 572 qışlaqda, 237 yaylaqda, yeddi yaşayış məntəqəsində, 51 sistemdə və 1527 obada (müvəqqəti yaşayış yerində) yaşayırlar. Onlar hər il 10500 ton qırmızı ət, 43500 ton süd, 1500 ton yun, 5400 ton pendir, 8100 ton bağ məhsulları, 92 min ton kənd təsərrüfatı məhsulları və 23min kvadratmetr xalça, kilim və cəcim kimi əl işləri istehsal edirlər”.
Ərdəbil əyalətinin Elsevən və Şahsevən köçəriləri yerli iqtisadiyyatda və istehsalda mühüm rol oynayır, hər bir alaçıq istehsal vahidi kimi fəaliyyət göstərir. Çünki xalça, kilim və cəcim kimi hər cür süd məhsulları və əl işləri bu alaçıqlarda köçərilərin, xüsusən də qadınların səylərinin nəticəsidir...